Rusiyaya yeni sanksiyalar bu sahələrə yönələcək - “Putin hiss etsin ki...”

29 Yanvar 2022 11:49 (UTC+04:00)

ABŞ Prezidenti Co Bayden administrasiyası Rusiyanın Ukraynaya müdaxiləsi halında onun sənaye potensialını zəiflətmək üçün sanksiyalardan istifadə etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının üzvü Piter Harrel deyib.

“Əsas məqsəd zaman keçdikcə Rusiyanın sənaye potensialını və sənaye istehsal gücünü azaltmağa kömək edəcək tədbirlər görməkdir”, - deyə Piter Harrel yeni məhdudiyyətlərin adi rus istehlakçılarına yönəlməyəcəyini vurğulayıb.

Onun sözlərinə görə, maliyyə institutlarına qarşı sanksiyalar kapitalın xaricə axınına, inflyasiyaya səbəb olmalı, həmçinin Rusiya Mərkəzi Bankını digər banklara maliyyə yardımı göstərməyə məcbur etməlidir ki, “Putin ilk gündən xərcləri hiss etsin”.

Ağ Evdəki digər rəsmi mənbə isə bildirib ki, məhdudiyyətlər aviasiya, dənizçilik, robot texnikası, süni intellekt, kvant hesablamaları və müdafiə sənayesinə təsir göstərə bilər.