Bakıda eyni ünvanda iki meyit tapıldı – Rəsmi/Yeni

29 Yanvar 2022 11:43 (UTC+04:00)

Yanvarın 29-da, saat 01 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi bina 012E, mənzil 98 ünvanında 1972-ci il təvəlüdlü İlham Hüseynovun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədən Teleqraf.com-a Suraxanı rayon Prokurorluğundan bildirilib.

Bundan başqa, həmin binanın qarşısındakı asfalt örtük üzərində 1997-ci il təvəllüdlü Fuad Mayılovun meyiti aşkar edilib.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlham Həsənovun meyitinin müayinəsi zamanı onun üzərində deşici-kəsici alətlə törədilməyə xarakterik çoxsaylı xəsarətlər, Fuad Mayılovun meyitinin üzərində isə hündürlükdən yıxılmaya xarakterik çoxsaylı sınıq xəsarətlərinin olması müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

10:20

Bakıda evdən 50 yaşlı kişi meyiti tapılıb.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1972-ci il təvəllüdlü Həsənov İlham Lətif oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.