Gədəbəydə arvadını döyən gənc amnistiyaya düşdü – Hökm

29 Yanvar 2022 17:10 (UTC+04:00)

Gədəbəy rayonunda 1990-cı il təvəllüdlü Rasim ailə münaqişəsi zəminində arvadı Gülnarı (adlar şərti verilib – red.) döyüb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il sentyabrın 26-da rayonun Novoivanovka kəndində baş verib.

Rasim birgə yaşadıqları evdə mübahisə zamanı arvadı Gülnara xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Rasimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Rasim elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Gülnarla rəsmi nikahdan iki övladları var: “Sentyabrın 26-da yaşadığımız evə gələn zaman oğlumun evdən getməsi və ona nəzarət edilməməsinə görə mübahisəmiz oldu. Əsəbləşərək Gülnarın göz nahiyəsindən yumruqla vurdum”.

Rasim deyib ki, əməlindən peşmandır. O barəsində amnistiya tətbiq edilməsini xahiş edib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Gülnarın sözlərinə görə, sentyabrın 26-da Rasim yaşadığı evə sərxoş vəziyyətdə gəlib, heç bir şey demədən onun gözünün altından yumruqla vurub. O, əri ilə barışdığını, ondan şikayətçi olmadığını deyib.

Gədəbəy rayon Məhkəməsinin hökmü ilə Rasimin barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarı tətbiq olunub.

Onun barəsində olan cinayət işinə xitam verilib və cinayət məsuliyyətindən azad edilib.