Ukrayna-Rusiya gərginliyi davam edir - ABŞ Avropada...

18 Fevral 2022 09:58 (UTC+04:00)

Rusiya ilə Ukrayna arasında gərginlik davam edir. Dünən bütün dünyanı narahat edən hadisələr yaşanıb. Ukraynanın şərqindəki Donetsk və Luqanskda birtərəfli qaydada müstəqillik elan edən, Rusiyanın dəstəklədiyi separatçılar hökumət qüvvələrini son 24 saat ərzində 4 yaşayış məntəqəsinə atəş açmaqda ittiham ediblər.

Teleqraf.com xəbər verir ki, Avropa İttifaqının Afrika sammiti üçün Brüsseldə olan liderləri münaqişə xəbərindən sonra təcili toplaşıblar. Liderlər Rusiya Ukraynaya müdaxiləsi edərsə, Moskvaya qarşı tətbiq olunacaq bir sıra iqtisadi sanksiyalara hazırlığı müzakirə edəcəklər.

Gərginliyin mərkəz nöqtəsində olan Ukrayna Prezidenti Vladimir Zelenski Qərb ölkələrinin verdiyi yeni tank əleyhinə silahlarla təlimi izləyib. Zelenski bəyan edib ki, biz düşməndən qorxmuruq, özümüzü müdafiə edəcəyik.

Digər tərəfdən, Avropada hərbi varlığını artıran ABŞ Almaniyanın Spangdahlen hava bazasına F-35A döyüş təyyarələri yerləşdirib. ABŞ həmçinin bu həftə Ramstein hava bazasına altı KC-135 Stratotanker təyyarəsi və Polşanın Lask şəhərinə səkkiz F-15E hücum təyyarəsi yerləşdirib.

NATO-nun baş katibi Yens Stoltenberq isə Ukrayna sərhədində təhlükənin azaldığı ilə bağlı fikirləri rədd edib. Deyib ki, Rusiya Ukraynanı işğal etmək üçün bəhanələr axtarır.

ABŞ Prezidenti Co Bayden Rusiyanın yaxın günlərdə Ukraynaya müdaxilə edə biləcəyini, lakin diplomatik həllin hələ də mümkün olduğunu bildirib. Bununla belə, Bayden qeyd edib ki, o, Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırmır. Bu arada Rusiya Vaşinqtonla gərginliyi artıracaq addım atıb. Moskva ABŞ-ın Rusiyadakı səfirinin müavini Bart Qormanı ölkədən çıxarıb. Rusiyanın qərarına reaksiya verən ABŞ Moskvaya cavab verəcəyini açıqlayıb.