"Dost, səni sevdiyin qadın ağladır..." - İlham Qəhrəmanın kitabı və şeirləri

28 Fevral 2022 10:04 (UTC+04:00)

Çağdaş Azərbaycan poeziyasının tanınmış simalarından biri olan İlham Qəhrəmanın "Bir adamlıq şəhər" adlı yeni şeirlər kitabı çapdan çıxıb. Bu, şairin poeziya sahəsində oxucularla doqquzuncu görüşüdür.

Teleqraf.com kitabdan bir neçə seçmə şeiri təqdim edir.

SALXIM SÖYÜD KİMİ İNCƏ BİR GÖZƏL

Görən umsuq olur, udqunur keçir,
Bağrının başına od qonur keçir.
Tanıyan tanıyır, yad donur keçir,
Salxım söyüd kimi incə bir gözəl.

Elə cilvələnir – gözün yellənir,
Ürəyin atlanır, için dillənir.
Baxanın ağzının suyu göllənir,
Salxım söyüd kimi incə bir gözəl.

O gedər, ardınca çox aşiq düşər,
Küçə, xiyabana yaraşıq düşər.
Arx üstə söyüdlə dəyişik düşər,
Salxım söyüd kimi incə bir gözəl.

Bərbərlər tellərə buruq düzdülər,
Cavanlar yolunda çarıq üzdülər...
Heç kimə yendiməz, ərik əzdirər,
Salxım söyüd kimi incə bir gözəl.

Özündən deyəni pəsdə qoyubdu,
Söhbəti bir “hə”nin üstdə qoyubdu,
Kəndin qulağını səsdə qoyubdu,
Salxım söyüd kimi incə bir gözəl.

27.05.2020

GEDƏNƏ

Heyif, saxlaya bilmirəm,
Çəkirsən gərdən gedirsən.
Bir adamlıq şəhər idim,
Sən o şəhərdən gedirsən.

Burdan belə nə fərqi var –
Kim haqlıdı, kim günahda?!
Bu can şəhəri tərk etdin,
Xaraba qaldı Gün altda.

Özümü Adəm sanırdım,
Səni də onun Həvvası.
Sevgim sovulmuş bostandı
Özüm bostan müqəvvası.
01.09.2019

BİR DƏ O SEVDAYA QAYTARMA MƏNİ

Dərədə qovuşan iki bulaqtək
Yenə də yolumuz kəsişdi bizim.
Bəxti gətirmədi, maya tutmadı,
Sevgi istəyimiz nəs düşdü bizim.
Bir də o sevdaya qaytarma məni.

Sənki sevirdinsə, hardaydın – deyə
Ta sənə verməyə sualım yoxdu.
Mənim keçənləri təftiş etməyə
Nə taqətim qalıb, nə halım yoxdu.
Bir də o sevdaya qaytarma məni.

Görüşdük, bir azca hal-əhval tutaq
Dərdləşək, bölüşək – sevgidən demə.
Ayrılaq – mən yola düşəndən sonra
Ağlayıb ardımca – “Ay gedən!” – demə.
Bir də o sevdaya qaytarma məni.

Tərs qızı tərs idin, yola gəlmədin
Qalırmı əvvəlki huyun yenəmi?!
Yenəmi başını sinəmə sıxım
Üstündən başımı qoyum yenəmi?!
Bir də o sevdaya qaytarma məni.

Yenəmi o evdə ortama girib
Yıxıb-yıxılmağın həvəsindəsən?!
Şair qəlbim eşqə mehrab kimidi
Elə bil sevginin Kəbəsindəsən.
Bir də o sevdaya qaytarma məni.

Eşqimi bağ kimi çəpərə aldım,
Çəpəri basdıyıb yolağ açırsan!
Bu yaşda qorxmursan, gözünü yumub
Yenə baş alovlu bağa qaçırsan.
Bir də o sevdaya qaytarma məni.

Gözünün odunu o yana döndər,
Çəkmə bu eşq boyu tarıma məni.
Quzunu çəməndə otaran kimi,
Saçında, sinəndə otarma məni.
Bir də o sevdaya qaytarma məni.
16.01.2022

DOST, SƏNİ SEVDİYİN QADIN AĞLADIR

Gözünün bulağı islaq görünür,
Dost, səni sevdiyin qadın ağladır.
Qara sevdalar var, yasaq görünür,
Dost, səni sevdiyin qadın ağladır.

Sinəni odlayıb keçən ahın var,
Bəlkə unutmusan, bir günahın var.
Əfv üçün molla var, keşiş, kahin var…
Dost, səni sevdiyin qadın ağladır?!

Payız hardan çıxır, qış hardan gəlir,
Ayaq hara gedir, baş hardan gəlir,
Gözündən bir belə yaş hardan gəlir?
Dost, səni sevdiyin qadın ağladır.

Sən tapan dərdidi tapdı Kərəm eyy,
O Kərəm hardadı indi, görən, eyy?!
Boynuna almırsan – and içərəm eyy,
Dost, səni sevdiyin qadın ağladır.

Nə tale gözləyir geridə səni,
Belə ki çəkirsən, əridər səni…
Kimin əlindədi kiridə səni?!
Dost, səni sevdiyin qadın ağladır.

23.01.2018

GETMƏMİŞ

Bu ömürdən yarıyasan
Baharı, yayı getməmiş.
Uzaq mənzillər yorasan
Canın hay-hayı getməmiş.

Getdim, salamat qal, a yar, –
Ayrılıq ocaq qalayar?!
“Bal tutan barmaq yalayar!”
Özgənin payı getməmiş.

Yatmadın ipə, sapa sən,
Niyə çəkirsən çəpə sən?!
Bir gözəl qadın öpəsən,
Üzünün suyu getməmiş.
14.03.2020

MƏNZİL

Dörd divarın arası
otaq mənzili sayılır.
Allahdan sonra ən böyük
kitab mənzili sayılır..

Sözümüz hara çatırsa,
dilin mənzili sayılır,
Ətri haranı tutursa,
gülün mənzili sayılır.
Ovun güllə mənzili
ölüm mənzili sayılır.
06.07.2020

KÖNÜL

Sürmədiyin hara qaldı? –
Qəsd etdin haqqıma, könül.
Mən idim ki, tab gətirdim
Bu qədər hoqqana, könül.

Bilirsən, dünya pis yerdi,
Çıxaq gedək hələ erdi.
Çox baltalar bəhsə girdi,
Ensinlər şaqqama, könül.

Bəri yaxın gəl – kim isən –
Bilək kimin sən kimisən.
Dədəsi ölmüş kimi sən
İç çəkib sıkkıma, könül!
23.04.2021

ÖMÜR

Bu evdi, bu da buxarı,
Tüstüsü ömür çıxarı...
Həyat qarışqa cığırı –
Hamı səninlə yol gedir,
Hamı sənə qarşı gəlir.

Arılar pətək ucundan,
Dodaq da öpmək ucundan...
Bir loxma əppək ucundan
Hamı səninlə yol gedir,
Hamı sənə qarşı gəlir.

Yatdın oyandığın yerdə,
Su axdı yandığın yerdə...
Elə dayandığın yerdə
Hamı səninlə yol gedir,
Hamı sənə qarşı gəlir.
04.04.2019