Eldar Həsənovun şikayətinə bu tarixdə baxılacaq

28 Fevral 2022 14:40 (UTC+04:00)

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılacaq vaxt məlum olub.

Teleqraf.com xəbər verir ki, məhkəmənin ilkin baxış iclası martın 10-na təyin olunub.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, Eldar Həsənovun üzərinə həbs qoyulmuş əmlakları da müsadirə olunub.

İstintaq orqanı tərəfindən Eldar Həsənovun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Qeyd edək ki, Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru olub.