Mədə xərçənginə yol açan 12 əsas risk faktoru

1 May 2022 00:24 (UTC+04:00)

Dünyada aparılan araşdırmalara görə, mədə xərçəngi döş, ağciyər və yoğun bağırsaq xərçənglərindən sonra ən çox rastlanan 4-cü xəstəlik növüdür. Hər il dünyada təxminən bir milyon insana mədə xərçəngi diaqnozu qoyulur. Mütəxəssislər bildirirlər ki, mədə xərçəngi erkən dövrdə heç bir şikayət etmədən məkrli şəkildə irəlilədiyi üçün təhlükəli xərçənglər arasındadır. İlk nəzərə çarpan əlamətlər yeməkdən sonra yaranan qarın ağrısı, həzmsizlik və şişkinlikdir. Ancaq şikayətlərin mədə xorası və ya qastrit xəstəliklərindən qaynaqlandığı düşünüldüyü üçün problemə laqeyd yanaşılır, bu da müalicənin gecikməsinə səbəb olur.

Teleqraf.com mədə xərçəngi riskini artıran 12 faktora diqqət çəkib.

İrəliləyən yaş

Yaş irəlilədikcə, xüsusən 50 yaşından sonra mədə xərçəngi riski artır.

Kişilər

Mədə xərçəngi kişilərdə qadınlara nisbətən 2 dəfə daha çox rast gəlinir. Qadınlarda yüksək miqdarda ifraz olunan estrogen hormonunun mədə xərçəngi riskini artıran Helicobacter Pylori infeksiyasına qarşı qoruyucu təsir göstərdiyi düşünülür.

Genetik faktorlar

Valideynlər, qardaş-bacı kimi birinci dərəcəli ailə üzvlərində mədə xərçəngi varsa, bu xəstəliyə tutulma riski normal əhalidən daha yüksəkdir. Buna görə riski qiymətləndirmək üçün bu sahədə mütəxəssis olan bir həkimə müraciət etmək tövsiyə olunur.

Helicobacter Pylori

Helicobacter Pylori (HP) mədədə tez-tez rast gəlinən bakteriya cinsidir. Qastrit əmələ gəlməsindən məsul bir bakteriya olaraq görülən HP-nin mədə xərçəngi olan xəstələrdə daha çox olduğu bilinir. Ancaq buradan belə nəticə çıxarmaq olmaz ki, mədəsində HP olan hər bir insanda mədə xərçəngi yaranır. Çünki HP-nin çox olduğu bəzi cəmiyyətlərdə mədə xərçəngi nisbəti aşağı olduğu üçün bu bakteriyadan başqa digər risk faktorları da son dərəcə əhəmiyyətlidir.

Artıq duz istehlakı

Həddindən artıq duz istehlakı mədə xərçəngi riskini artıran mühüm amillər arasındadır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gündəlik duz istehlakının 5 qramdan çox olmamasını tövsiyə edir.

Duzlu, hisə verilmiş qidalar

ÜST-ün məlumatına görə, inkişaf etmiş ölkələrdə xərçəngin 30 faizi qidalanma ilə bağlıdır. Məsələn, Yaponiya kimi duzlu və hisə verilmiş qidaların çox istehlak edildiyi coğrafiyalarda mədə xərçənginə daha çox rast gəlinir. Çox miqdarda işlənmiş ət və ya qızardılmış qidalar, souslar, ədviyyatlı qidalar və ya aflatoksinlə çirklənmiş qidalar, bayat çörəyin üzərindəki kif riskləri artırır. Çiy tərəvəz və meyvələri bol yemək, C vitamini və antioksidant maddələr də bu xərçəngin qarşısının alınmasına müsbət təsir göstərə bilər.

Siqaret çəkmək

Siqaret çəkmək bir çox xərçəng üçün olduğu kimi, mədə xərçəngi üçün də risk faktorudur. Siqaret istifadəsinin intensivliyi və müddəti artdıqca risk də 4 dəfə artır.

Piylənmə

Çağımızın mühüm problemi olan piylənmə mədə xərçəngi riskini artır. Orqanizmdə piylənmə ilə artan zəhərli maddələr, hüceyrə səviyyəsində xərçəng inkişafını artıran oksigenləşmə pozğunluğu, müdafiə sisteminin zəifləməsi kimi faktorlar mədə xərçənginin inkişafını asanlaşdıra bilər.

Bəzi məsləklər

Bəzi peşələrdə olan işçilər (məsələn, ağac tüstüsü, asbest dumanına məruz qalanlar, metal, plastik və mədən işçiləri) mədə xərçəngi üçün daha çox risk altındadırlar.

Qan qrupunun A olması

Mədə xərçəngi qan qrupu A olan insanlarda daha çox rast gəlinir. Dəqiq səbəbi bilinməsə də, bu, A qan qrupu olan insanların Helicobacter Pylori infeksiyasına daha çox həssas olması ilə izah olunur.

Bəzi xəstəliklər

Yoğun bağırsağı əhatə edən bəzi xəstəliklər (ailəvi adenomatoz polipoz və ailəvi polipozis olmayan kolorektal xərçəng) mədə xərçəngi ehtimalını artırır. B12 vitamininin ərimə qabiliyyətinin olmaması nəticəsində yaranan anemiya da xərçəng riskidir. Atrofik qastritli xəstələrdə (mədənin daxili səthini əhatə edən selikli qişanın epitel hüceyrələrinin və vəzilərinin itirilməsi ilə nəticələnən xroniki iltihab) mədə xərçənginə daha çox rast gəlinir. Araşdırmalar göstərib ki, cəmiyyətdə “öpüş xəstəliyi” kimi tanınan infeksion mononükleoza səbəb olan ebstein-barr virusu mədə xərçənginin yaranmasına təsir edir.

Mədə əməliyyatı

Keçmişdə mədə əməliyyatı keçirənlərdə, xüsusilə mədəsi çıxarılan xəstələrdə bu xərçəngə tutulma riskinin illər keçdikcə artır. Bu səbəbdən mədə əməliyyatı keçirmiş xəstələrə simptomsuz olsalar da, müəyyən aralıqlarla qastroskopiya edilir.