"Ümid var, pandemiya sona çata bilər" - Professor

9 Mart 2022 18:13 (UTC+04:00)

Karantin rejimi ilə bağlı verilən qərarlar məntiqlidir. Epidemioloji vəziyyət bunu diqtə edir. Mümkün qədər karantin qaydalarının yumşaldılmasına getmək lazım idi. Amma bunun sonrakı proseslərə təsiri ilə bağlı birmənalı söz demək çətindir. Hər şey növbəti mutasiyalardan asılıdır. Omikron heç də sonuncu mutasiya deyil. Amma omikronun öldürücülük, ağırlaşma yaratmaq göstəricilərinin aşağı olması, bir də çox yoluxucu olması onda gedən mutasiyalara bağlıdır. Bu da müəyyən ümidlər yaradır ki, sonrakı mutasiyalarda virus zəifləmək istiqamətində davam etsin.

Bunu Teleqraf.com-a açıqlamasında həkim-professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, hələ ki pandemiyanın gedişatı ilə bağlı birmənalı proqnoz vermək çətindir:

“Peyvəndləmə öz növbəsində davam etməlidir. Çünki immunuzasiya nə qədər çox olarsa, virusun yaşam imkanları bir o qədər məhdudlaşır. Hesab edirəm ki, qarşıdakı dövrdə də özünü pis hiss edən, hərarəti olan insanlar maska taxsınlar və ətrafdakıları qorusunlar. Görünən üfüqlər, mutasiyaların xarakteri də bunu deyir.

Virusun hələ immun sistemi zəifləmiş xəstələrdə qalaraq mutasiya etmək imknnı var. Bu mənada pandemiyanın sonlanması ilə bağlı bir rəy irəli sürə bilmirik. Amma ümidlər var, pandemiya sona çata bilər”.