Rusiya-Ukrayna müharibəsi: Qalib kim olacaq? – Müsahibə

12 Mart 2022 09:21 (UTC+04:00)

“Ukraynanın Rusiyanın bütün şərtlərini qəbul etməsi mümkün deyil. Amma mənə elə gəlir ki, sonda ortaq məxrəcə gəlmək mümkün olacaq. Bunun ilkin işartıları da var. Çox güman ki, Ukrayna NATO-dan imtina edərək, neytral statusda qalacaq. Krımın Rusiya ərazisi kimi tanınması mümkündür, amma Donbasdakı qondarma respublikaların Kiyev tərəfindən tanınması mümkünsüz görünür. Ola bilsin ki, həmin bölgələrə - Donetsk və Luqanska müəyyən statusun verilməsi ilə bağlı danışıqlar başlasın. Yəni belə güzəştlər olmalıdır ki, qanın tökülməsi dursun. Amma bunların da tezliklə və asanlıqla olacağını düşünmürəm. Çünki hər iki tərəf bu güzəştlərdən xeyli uzaqdır”.

ReAl partiyası sədrinin müavini Natiq Cəfərlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Rusiya-Ukrayna müharibəsi davam edir. Hadisələrin gedişatı haqda nə deyə bilərsiniz: sizcə, proses necə yekunlaşa bilər?

- Əslində, buradan çıxa biləcək maraqlı nəticələrdən biri budur ki, Rusiyanın bir çox hesabı tutmadı. Düzdür, Ukraynanın dinc şəhərləri bombalanır, mülki insanlar bundan zərər görür, iki milyondan artıq qaçqın düşən insan var, bəli, bu faciə yaşanır, amma Rusiyanın hərbi hədəfi əməliyyatları 72 saata yekunlaşdırmaq idi. Yəni 72 saatdan sonra elə bir durum yaranmalı idi ki, Ukraynanın təslim olmaqdan və Rusiyanın bütün tələblərini qəbul etməkdən başqa çarəsi qalmamalıydı. Bu, hərbi sirr də deyildi, açıq sənədlərdə bu qeyd olunub. Amma bu – “ildırımsürətli müharibə” planı alınmadı. Bunu həm Ukrayna xalqının güclü müqaviməti, həm də Rusiyanın ona barmaqarası baxmasıyla əlaqələndirmək olar. Rusiyanın etdiyi böyük yanlışlardan biri bu idi ki, Ukraynanın şərqində yaşayanlar onsuz da rusdillidir, onlar çox asanlıqla bu müharibədə Rusiyanın tərəfini tutacaqlar, amma onlar “tarixi rus torpaqları” kimi baxdıqları Xarkovda, Sumda, Nikolayevdə ciddi müqavimətlə rastlaşdılar.

Beləliklə, həm “ildırımsürətli müharibə” alınmadı, həm də həmin bölgələrdəki rusdilli əhalinin rəğbətini qazanmaq mümkün olmadı. Müharibənin uzanmasının əsas səbəblərindən biri də budur. Bəzi analitik və hərbi mütəxəssislərin fikrincə, bu müharibə aylarla çəkə, partizan savaşına çevrilə bilər. Ola bilsin ki, Ukrayna xalqı bu günədək vahid millətə çevrilməmişdi, millət anlayışı etnik anlayış deyildi, amma Rusiyanın 17 günlük işğal cəhdi və müdaxiləsi Ukrayna xalqını vahid millətə çevirdi. Bu da prosesdə diqqətçəkən məqamlardan biridir.

- Bəs bu prosesin sonunda geri çəkilən hansı tərəf ola bilər: Ukrayna, yoxsa Rusiya?

- Burada qalibin olması mümkün deyil. Yəni Rusiya heç vaxt uduzduğunu etiraf etməyəcək, bunu anlayırıq. Eyni zamanda, Rusiya səhvlərini də boynuna almayacaq, bunu da bilirik. Rusiya heç vaxt deməyəcək ki, mən səhv etdim, geri çəkilirəm. Çünki bunu etiraf etsə, bu o demək olacaq ki, Rusiyanın siyasi elitası dəyişməlidir, yaxud Putin hakimiyyətdən getməlidir.

Ukraynanın da Rusiyanın bütün şərtlərini qəbul etməsi mümkün deyil. Amma mənə elə gəlir ki, sonda ortaq məxrəcə gəlmək mümkün olacaq. Bunun ilkin işartıları da var. Çox güman ki, Ukrayna NATO-dan imtina edərək, neytral statusda qalacaq. Krımın Rusiya ərazisi kimi tanınması mümkündür, amma Donbasdakı qondarma respublikaların Kiyev tərəfindən tanınması mümkünsüz görünür. Ola bilsin ki, həmin bölgələrə - Donetsk və Luqanska müəyyən statusun verilməsi ilə bağlı danışıqlar başlasın. Yəni belə güzəştlər olmalıdır ki, qanın tökülməsi dursun. Amma bunların da tezliklə və asanlıqlar olacağını düşünmürəm. Çünki hər iki tərəf bu güzəştlərdən xeyli uzaqdır.

Rusiya hələ də düşünür ki, Kiyevin qaçmağa yeri olmayacaq, təslim olmaq məcburiyyətində qalacaq. Ukrayna da fikirləşir ki, vaxt uzandıqca, Rusiyanın o imkanları qalmayacaq ki, tələblərinin yerinə yetirilməsində israrçı olsun. İndi tam çıxılmaz bir durum yaranıb. Hər iki tərəf isə gec-tez başa çatacaq bu müharibəni öz qələbəsi kimi təqdim edəcək. Bu da aydın görünür.

- Rusiya Prezidenti Putin “Yaxın Şərqdən olan könüllülər”in Ukraynadakı hərbi əməliyyatlara cəlb edilməsi ideyasını dəstəkləyib. Bu ideyanın müəllifi də, müdafiə naziri Sergey Şoyqudur. Bəs bu addım hadisələrin gedişatını hansı yönə döndərə bilər?

- Putinin “arqument”i bu oldu ki, əgər Ukrayna dünyanın hər yerindən könüllüləri qəbul edirsə, Rusiyanı sevən insanlar da var, onların gəlib könüllü şəkildə Rusiya tərəfindən döyüşməsinə icazə verir. Guya bunu Ukraynanın atdığı addımlara görə etdiyini düşünür. Yəqin ki, burada başqa məqamlar da var: rus əsgərinin motivasiyası yoxdur. Yəni etnik rus – slavyan olan, xristianlıq və ya pravoslavlıqdan gələn əsgər öz doğmasına güllə atmaq istəmir. Bir çox hallarda bununla da rastlaşırıq. Ola bilsin ki, Putin bunu da nəzərə alaraq, başqa etnik qruplardan olan, dünyanın ayrı-ayrı ölkələrində yaşayan, yəni Ukrayna xalqını özünə doğma saymayan insanların bu əməliyyatlara cəlb edilməsinin effekt verə biləcəyini düşünür. Çox güman ki, həmin qərar həm də bununla əlaqəlidir.

- Azərbaycan bu kimi təhlükələrdən sığortalanıbmı? Məsələn, Türkiyə ilə müttəfiqlik xarici təhdidlərə qarşı qalxan rolunu oynaya bilirmi?

- Azərbaycanın xarici siyasəti və bu məsələyə münasibəti çox doğrudur. Biz Ukraynanın ərazi bütövlüyü və suverenliyini rəsmən tanıyırıq, bir çox addımları Türkiyə ilə birgə atırıq. Zelenski və Ukraynadan Azərbaycana təşəkkürlər də var, humanitar yardımlar da edilir. Rusiya ilə münasibətləri də korlamaq istəmirik. Bu da doğru strateji xətdir.

Rusiya və Azərbaycan arasındakı yüksək səviyyəli münasibətlər də burada önəmli rol oynayır. Söhbət təkcə Türkiyədən getmir. Türkiyə ilə imzalanmış rəsmi sənədlər var, amma Azərbaycanın digər bir sıra ölkələrlə münasibətlərinin yaxşı olması onu təhlükələrdən sığortalaya bilər.

- Azərbaycan Prezidenti İlham Əliyev türk həmkarı Rəcəb Tayyib Ərdoğanla dörd saatlıq görüş keçirdi. Görüşdə iki ölkə arasındakı müttəfiqliyin daha da dərinləşdirilməsi və irəli aparılması məsələsi müzakirə olundu. Sizcə, burada “irəli aparmaq” dedikdə nələr nəzərdə tutula bilər?

- Çox güman ki, Azərbaycanda ordunun yenidən qurulması ilə bağlı yeni addımlar atılacaq. Rəsmi mövqeyimiz də budur ki, Azərbaycan ordusu türk modelinə keçir, bu proses artıq gedir. Eyni zamanda, həm hərbi, həm siyasi, həm də iqtisadi sahələrdə daha da dərinləşdirilmiş addımların atılması, birgə təlim-tədris mərkəzlərinin yaradılması da bura daxildir. Bununla bağlı ümumi bir razılıq da vardı, nəhayət, iki ölkə arasında xarici siyasətin koordinasiya edilməsini görəcəyik.