İki ölkə arasında gərginlik – Rusiyaya görə üz-üzə qaldılar

28 Mart 2022 22:14 (UTC+04:00)

Polşa Prezidenti Anjey Duda Macarıstan hökumətini Rusiya ilə bağlı siyasətinə görə tənqid edib.

Teleqraf.com xəbər verir ki, Duda Ukraynanı dəstəkləmədiyinə və Rusiyaya qarşı addım atmadığına görə macar hökumətinin əleyhinə tənqidi ifadələr işlədib.

“Rusiyanın Ukraynaya təcavüzü, minlərlə dinc sakinin ölümü və beynəlxalq hüquqa görə müharibə cinayəti təşkil edən bombardmanları nəzərə aldıqda, Macarıstanın yanaşmasını anlamaq mənim üçün çətindir. Bu siyasəti Macarıstana çox baha başa gələcək”, - Polşa lideri bildirib.

Macarıstan Baş naziri Viktor Orban Ukrayna Prezidenti Vladimir Zelenskinin Macarıstandan ölkəsinə silah tranzitinə icazə verilməsi və Rusiyaya qarşı təbii qaz və neft sanksiyalarını dəstəkləmək tələbini rədd edib.

Baş nazirin mətbuat xidmətinin rəhbəri Bertalan Havasi deyib ki, Zelenski Avropa İttifaqı (Aİ) liderlərinin sammitində Macarıstandan Rusiyaya qarşı enerji sanksiyalarını dəstəkləməyi və Ukraynaya silah daşınmasına icazə verməsini istəyib. Onun sözlərinə görə, Baş nazir Orban bu tələbləri Macarıstanın maraqlarına zidd olduğu üçün rədd edib.

Macarıstana təbii qaz və neftin böyük hissəsinin Rusiyadan gəldiyinə diqqət çəkən Havasi ölkəsinin indiyə qədər etdiyi kimi, bundan sonra da Rusiyaya qarşı enerji sanksiyalarına qoşulmayacağını söyləyib.