Avropa Rusiya neftindən imtina edir? – Makron mesajını verdi

4 Aprel 2022 13:05 (UTC+04:00)

Fransa Prezidenti Emmanuel Makron Rusiyaya qarşı yeni sanksiyalar paketinin tətbiqinə çağırıb və bunların neft və kömür tədarükünün məhdudlaşdırılması ilə bağlı ola biləcəyini deyib.

Teleqraf.com xəbər verir ki, Fransa prezidenti bu məsələnin yaxın günlərdə Avropa səviyyəsində müzakirə olunacağını açıqlayıb.

“Düşünürəm ki, Buçada baş verənlər bizi yeni sanksiyalar paketi və çox açıq tədbirlər tətbiq etməyə məcbur edir. Bunu avropalı tərəfdaşlarımızla koordinasiya edəcəyik. Fərdi əlavə tədbirlər görəcəyik. Xüsusilə neft və kömürlə bağlı sanksiyaları dəstəkləyirəm”, - Makron bildirib.

Rusiyadan neft və kömür tədarükünün tamamilə kəsilməsinin mümkün olub-olmayacağı ilə bağlı suala cavab verən Fransa lideri söyləyib:

“Hesab edirəm ki, neft və kömürlə bağlı sanksiya məsələsində irəliləməliyik. Yaxın günlərdə Avropa səviyyəsində məsləhətləşmələr aparılmalıdır. Hər halda, bu, mənim istəyimdir”.