Putini təlaşlandıran zəng – Paşinyanın tezləşən Rusiya səfərinin şok detalları

20 Aprel 2022 14:53 (UTC+04:00)

“Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvaya səfərindən bir gün əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peksov onun Kremldə keçirəcəyi görüşün hazırki beynəlxalq vəziyyətdə xüsusi əhəmiyyət kəsb edəcəyini bildirmişdi. Buna görə də Ermənistan müxalifəti və Qarabağ separatçıları Paşinyanın Moskvada Ermənistan üçün məqbul olmayan hansısa sənədə imza atacağından narahat idilər”.

Teleqraf.com xəbər verir ki, bunu “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, “Qarabağ klanı” ilə separatçıların Rusiya ilə sıx əlaqələrinin olmasına baxmayaraq, onlar Ukraynada ağır müharibənin fonunda hesab edə bilərdilər ki, Kreml eyni ilə Brüssel kimi Paşinyanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur edə bilər:

“Müxtəlif istiqamətlərdən Paşinyana qarşı təzyiqlər başladı. Ermənistanın keçmiş təhlükəsizlik naziri, parlamentdə müxalifət blokunun rəhbərlərindən biri Artur Vanetsyan İrəvanın mərkəzində fasiləsiz aksiya keçirir, tərəfdarlarını hər gün mərkəzi meydana çağırır. Vanetsyan keçmiş prezidentlər Robert Köçəryanla Serj Sərkisyanın təlimatlarını yerinə yetirir. Aksiyaya dəstək verənlər arasında Paşinyanın keçmiş xarici işlər naziri Ara Ayvazyan da var. O, mediaya verdiyi açıqlamada Paşinyanın yalan danışıdığını sübut etməyə çalışıb. Ayvazyan Paşinyanın “beynəlxalq təşkilatlar məndən Qarabağla bağlı tələbin azaldılmasını tələb edirlər” fikrinə etiraz edərək, onun nazir işlədiyi dövrdə guya belə bir tələblə üzləşmədiyini vurğulayıb.

Paşinyana etiraz edənlər arasında daha bir keçmiş xarici işlər naziri Vardan Oskanyan da var.

Oskanyan son məqaləsində keçmiş prezident Levon Ter-Petrosyanla Paşinyan arasında belə bir müqayisə aparıb: “Ter-Petrosyan Laçın istisna olmaqla, Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmağın yerinə Dağlıq Qarabağın statusunu sonraya saxlamağı təklif edirdi. Paşinyan isə statusdan vaz keçərək, Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazırdır”.

Oskanyan Paşinyanın Azərbaycanla sülh sazişi imzalaması ideyasının əleyhinədir. Oskanyan Paşinyanın beynəlxalq aləmə istinadının yanlış olduğunu bu şəkildə izah etməyə çalışıb: “Tam əksinə, beynəlxalq aləm dağınıqdır, bundan istifadə edib Azərbaycanın xeyrinə addım atılmamalıdır”.

Elxan Şahinoğlu qeyd edib ki, Paşinyan Rusiyaya getməzdən bir gün əvvəl Qarabağ separatçılarının lideri Araik Arutyunyan və separatçıların “təhlükəsizlik şurasının sədri” Vitali Balasanyanla İrəvanda görüşüb:

“Rusiya və Ermənistan mətbuatının məlumatına görə, Arutyunyan Paşinyandan tələb edib ki, Ermənistan baş naziri “Qarabağın müstəqillik mövqeyi”ndən geri çəkilməsin.

Paşinyan, adətən səfərlərdən sonra Qarabağ separatçılarının liderilə görüşüb onların mövqeyini nəzərə aldığını söyləyərdi. Bu dəfə isə Paşinyan səfərdən əvvəl separatçıların lideri ilə görüşdü. Paşinyan Rusiyaya səfər etmədən əvvəl nədən separatçılarla görüşdü? Axı Qarabağla bağlı onlar arasında fikir ayrılığı var. Görünür, Paşinyan bu yolla xarici auditoriyaya mesaj göndərmək istəyirdi ki, onu Azərbaycanla sülhün əldə edilməsi məsələsində çox sıxmasınlar, çünki Qarabağ separatçıları ona təzyiq edir.

Brüsselin Paşinyana mesajı aydındır: “Azərbaycanın ərazi bütövlüyünü tanımalısan, Qarabağla bağlı “status” tələbindən əl çəkməlisən”.

Moskva da Paşinyana eynisini desəydi, məsələni bitmiş hesab etmək olardı. Ancaq Kreml Brüsselin dediyini təkrarlamadı.

Paşinyan Moskvaya getməyə hazırlaşdığı saatlarda ona Avropa İttifaqının rəhbəri Şarl Mişel zəng etdi. Ermənistan Nazirlər Kabinetinin məlumatına görə, tərəflər aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə keçirilən görüşdə əldə olunmuş razılaşmaların həyata keçirilməsi, eləcə də Ermənistan-Avropa İttifaqı münasibətlərinin gündəliyi ətrafında fikir mübadiləsi aparıblar. Bu telefon zəngi Kremli narahat edib. Rusiya hakimiyyətinə yaxın siyasi eskpertlər Şarl Mişelin Moskva səfəri öncəsi Paşinyana telefon zəngini Brüsselin Rusiya əleyhinə addımı kimi dəyərləndiriblər”.

Putin Kremldə Nikol Paşinyanla görüşün mətbuata açıq hissəsində dedi ki, Qarabağda hələ çox problem var. Bununla Kreml sahibi bölgədəki vəziyyətdən detallarına qədər xəbərdar olduğunu nümayiş etdirib. Bəli, Qarabağda problemlər var və bu problemi yaradanlar Rusiya hərbçiləriylə erməni separatçılarının birgə fəaliyyətidir. Putinin bu açıqlamasından aydın oldu ki, Rusiya postlarının və Qarabağda Rusiya bayraqlarının sayının artırılması təlimatını elə Kreml sahibi verib. Putin daha sonra dedi ki, Paşinyanla Qarabağın təhlükəsizliyi məsələsini müzakirə edəcək. Kreml sahibi bu cümləsiylə, Qarabağın Ermənistana dəxli olmadığı reallığını qəbul etmək istəmir. Rusiya prezidenti Azərbaycana aid Qarabağ mövzusunu Ermənistanın baş naziri ilə müzakirə edirsə, burda xoş niyyət yoxdur”.

Ekspert Putin və Paşinyan arasındakı anlaşmalara da diqqət çəkib:

“Danışıqlar yekunlaşdıqdan sonra Kremlin mətbuat xidmətindən yayımlanan xəbərdə deyildi ki, tərəflər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması prosesini sürətləndirmək barədə razılığa gəliblər. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müntəzəm görüşləri çərçivəsində konstruktiv işin davam etdirilməsinin və üç liderin noyabrın 10-da imzaladığı razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarı olduqları bildirilib. Tərəflər Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası üzrə Üçtərəfli İşçi Qrupunun fəaliyyətini aktivləşdirmək qərarına da gəlib.

Kremldən yayımlanan bu xəbər Moskvanın atdığı addımlarla üst-üstə düşmür. Kreml İkinci Qarabağ müharibəsindən sonra eyni məzmunlu xəbərlər yayımlayır, ancaq ortada ciddi nəticə yoxdur. Kremlin vasitəçiliyi ilə nə sərhədlərin müəyyənləşməsiylə bağlı danışıqlar intensivləşib, nə də 3 ölkənin baş nazirlərinin müavinləri kommunikasiyalar xətlərin açılması istiqamətində irəliləyiş əldə ediblər.

Paşinyan və ondan əvvəl Ermənistan Xarici işlər naziri Ararat Mirzoyanın qısa müddət ərzində Moskvaya çağırılmasının tək səbəbi var: Kreml Avropa İttifaqının vasitəçiliyini əngəlləmək istəyir. Brüssel Kremlin planlarından xəbərdardır və bilir ki, Moskva İrəvana təzyiq etməklə gedişatı poza bilər. Ona görə Şarl Mişel Paşinyana Moskvaya yollanmadan əvvəl zəng edib və izah edib ki, Kremlin Brüsselin planlarını pozmağa imkan verməsin.

Şarl Mişel Cənubi Qafqaz üzrə nümayəndəsi Toyvo Klaarı Bakıya göndərdi. Paşiyan Moskvada ikən Prezident İlham Əliyev Klaarla görüşdü və ona bildirdi ki, rəsmi Bakı Brüsselin faydalı vasitəçiliyinə önəm verir. Əslində Paşinyan da Brüsselin vasitəçiliyindən faydalanmaq istəyir, sadəcə ona Kreml və Rusiyanın Ermənistandakı vassalları mane olur”.