Hesablama Palatası Baş Prokurorluğa müraciət etdi

21 Aprel 2022 10:37 (UTC+04:00)

2021-ci ildə Hesablama Palatasının Kollegiyasının qərarına əsasən, 2 nəzarət tədbiri üzrə müvafiq materiallar Baş Prokurorluğa təqdim edilmişdir.

Teleqraf.com xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabada bildirilir.

Sənədə əsasən, həmin təqdimatlarla bağlı zəruri tədbirlər həyata keçirilib.

Hesabat ilində Dövlət Turizm Agentliyinə ayrılmış dövlət vəsaitlərinin icrası üzrə uyğunluq auditi üzrə 2017-2018-ci illərdə malların (işlərin və xidmətlərin) satın alınması məqsədilə bağlanmış müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi barədə, həmçinin “Azərbaycan Konqreslər Bürosu” MMC-nin fəaliyyətinə dair müvafiq məlumatlarla bağlı aparılmış araşdırma nəticəsində cinayət işi başlanılıb, istintaqın gedişində 862min manat vurulmuş ziyanın ödənilməsi təmin edilib, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutuna ayrılmış dövlət vəsaitlərinin icrası üzrə uyğunluq auditi üzrə malların (işlərin və xidmətlərin) satınalma prosesindən zəruri məlumatların qanunvericiliklə nəzərdə tutulduğu qaydada rəsmi internet saytında yerləşdirilməməsi və vəsaitlərin satınalma keçirilmədən icrası halları, həmçinin ayrılmış vəsaitlərin iqtisadi təsnifat kodu üzrə təyinatının dəyişdirilməsi ilə bağlı məlumata baxılıb, inzibati məsuliyyətə cəlb etmə müddəti (3 ay) keçdiyindən toplanmış material üzrə inzibati xəta haqqında işin rədd edilməsi barədə qərardad qəbul edilib.

Dövlət büdcəsindən Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasının əsaslı təmirinə ayrılan vəsaitlər ilə bağlı aparılan audit üzrə məhkəmə müvafiq hökm verib, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun auditi üzrə istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın (əldə edilmiş gəlirin) ayrı-ayrı epizodlara və şəxslərə münasibətdə məbləği müəyyən edilib, xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə 0,9 milyon manat məbləğində bank əmanətlərinin və 37,1 milyon manat dəyərində əmlakların üzərinə həbs qoyulub, məhkəməyə qədər icraat zamanı ziyanın (əldə edilmiş gəlirin) ödənilməsi məqsədi ilə təqsirləndirilən şəxslərin ümumilikdə 1,3 milyon manat məbləğdə pul vəsaitini Baş Prokurorluğun depozitinə yerləşdirib, cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə dair aparılan audit üzrə təqsirləndirilən şəxs barəsində müvafiq məhkəmə hökm verib, Təhsil Nazirliyinin 1 saylı Maliyyə Hesablama Mərkəzinə ayrılan büdcə vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair aparılmış audit üzrə cinayət nəticəsində vurulmuş ziyanı və vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında dövlət büdcəsinə ödəniş təmin edilməklə cinayət işi üzrə icraata xitam verilib, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasının qanunvericiliyə uyğunluğunun yoxlanması zamanı aşkar edilmiş dövlət əmlakından qeyri-qanuni istifadə halları barədə aparılmış araşdırmalar ilə hüquqpozmaların cinayət əməlinin tərkibini yaratmadığı müəyyən edilib.

Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müvəkkil kredit təşkilatı olan “Para Bokt” ASC-nin verdiyi kreditlər üzrə 5 halda ümumilikdə 211 858 manat ayrılmış vəsaitin təyinatı üzrə istifadə edilməməsi ilə bağlı materiallar 5 dekabr 2020-ci ildə cinayət işinə əlavə edilməklə 212 min manat məbləğində ödənilməmiş kredit vəsaitinin tam şəkildə bərpası təmin edilib. Bundan əlavə, 2021-ci ildə Hesablama Palatasının əməkdaşları Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi bir nəzarət tədbirində iştirak ediblər.