İlon Mask “Twitter” üçün ödəyəcəyi məbləği açıqladı

21 Aprel 2022 21:39 (UTC+04:00)

Amerikalı sahibkar İlon Mask “Twitter“i almaq üçün 46,5 milyard dollar ödəməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, “Tesla”nın qurucusu yekun razılaşma üçün dərhal danışıqlara başlamaq niyyətindədir.

İlon Mask bildirib ki, Morgan Stanley Senior Funding və bəzi digər maliyyə qurumları ona 25,5 milyard dollar verməyə hazırdırlar, qalan 21 milyard dolları isə özü ödəyəcək.

Mask aprelin 4-də Twitter-də 9,2% paya sahib olduğunu açıqlayıb, aprelin 14-də isə “Twitter“in səhmlərinin hamısını almağa hazır olduğunu söyləyib. “Twitter” eyni gün Maskın təklifini nəzərdən keçirəcəyinə söz versə də bir neçə saat sonra qurumun səhmlərinə sahib olan Səudiyyə şahzadəsi Əl-Valid bin Talal Maskın təklifini rədd edərək, bunu şirkətin real dəyərinə uyğun gəlmədiyini bildirib.

Aprelin 15-də “Twitter”in direktorlar şurası səhmdarların hüquqlarını qorumaq üçün plan qəbul edib. Bununla belə media Maskın “Twitter”i əldə etməyin yollarını axtardığını yazır.