Paşinyan Arutyunyanı niyə İrəvana çağırdı? – Şok iddia

30 Aprel 2022 14:55 (UTC+04:00)

Ötən gün İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyan və Qarabağdakı separatçıların başçısı Ararik Arutyunyan arasında görüş keçirilib. Arutyunyan və Paşinyan Ermənistan və Azərbaycan arasındakı sülh gündəliyi ilə bağlı fikir mübadiləsi aparıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Joqovurd” qəzeti yazıb.

Erməni nəşri separatçılarla Ermənistan rəhbərliyi arasındakı gərginliyə diqqət çəkib.

“Joqovurd”un yazdığına görə, dünənki görüş tərəflər arasında heç bir probleminin olmadığını ictimaiyyətə göstərmək üçün nümayiş xarakteri daşıyıb.

“Müxalifət bu günlərdə Ermənistanda aksiya keçirir, küçələrə çıxır, eyni zamanda, genişmiqyaslı mitinqə hazırlaşır. Belə bir vaxtda Paşinyanın təşəbbüsü ilə keçirilən görüş hər şeyin “yaxşı” olduğunu göstərmək üçündür. Bu, sadəcə ermənilərin etirazlarını yatırtmaq üçün təşkil olunmuş görüş idi”, - qəzet bildirib.

Nəşrin iddiasına görə, görüşün heç bir “siyasi kontekst”i olmayıb.

Eyni zamanda, qəzet Paşinyanın Qarabağın gələcəyi ilə bağlı əsas məsələləri nə Arutyunyan, nə də separatçıların digər nümayəndələri ilə müzakirə etdiyini yazıb:

“Paşinyan deyir ki, xaricdə Qarabağ haqda apardıqları danışıqlar barədə onlara (separatçılara) məlumat verirlər. Bu isə o deməkdir ki, Paşinyan onlarla əməkdaşlıq etmir, onları yalnız məlumatlandırır”.