Jdanov Moldovanın işğalı planı haqda – “Ssenari belədir...”

10 May 2022 10:36 (UTC+04:00)

İşğal altındakı Dnestryanı bölgədəki Rusiya hərbçiləri dənizdən əlavə qüvvələr gözləyirlər, onlar olmadan Moldovada vəziyyəti ancaq terror hücumları və ya nümayişlərlə sarsıtmaq mümkündür.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

O, ən geniş arelada Dnestryanının ərazisinin 34 km olduğunu bildirib:

“Yəni Ukrayna Silahlı Qüvvələri atəş məsafəsi baxımından bütün Dnestryanı ərazini əhatə edə bilər. Ona görə də əlavə qüvvələr olmasa, düşmən mövqelərimizi yarıb keçə və ya bizə hərbi ziyan vura bilməyəcək”.

Jdanovun fikrincə, regionda yetərli sayda rus qoşunları olmasa, məntiqi ssenari Moldovanın siyasi baxımdan ələ keçirilməsi, onu təslim olmağa məcbur etmək və Rusiya ilə razılaşma olacaq:

“Bundan sonra təcavüzkar servitut hüququ tələb edə bilər. Beynəlxalq hüquqda belə bir məsələ var: əgər bir ölkənin öz ərazisində qonşu dövlətin anklavı varsa, onunla əlaqə üçün dəhliz ayırmalıdır. Bu, Azərbaycan və Ermənistan arasındakı duruma bənzəyir. Bu, Rusiyanın Ukraynada həyata keçirməyi planlaşdırdığı variantdır”.

O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri İlan adasına nəzarəti saxladığı müddətdə ruslar bu planlarını həyata keçirə bilməyəcək.