Qəbələdə bacısını və dayısı oğlunu öldürmək istəyən şəxsin işi – Məhkəmədə

11 May 2022 10:18 (UTC+04:00)

23 oktyabr 2021-ci ildə Qəbələ rayonu, Zarağan kəndində Gülnarə Qəribovaya və dayısı oğlu Murad Musazadəyə bıçaqla xəsarətlər yetirilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Bu barədə Teleqraf.com-a Qəbələ rayon Prokurorluğundan bildirilib.

Aparılmış istintaqla Ağdaş rayon sakini Sədi Qəribovun qeyd edilən tarixdə Zarağan kəndində yaşayan qohumuna məxsus evdə bacısı Gülnarə Qəribova və dayısı oğlu Murad Musazadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Sədi Qəribov Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.