Ermənistanın "təhlükəsizlik" oyunu: qorxurlar ki... - Müsahibə

13 May 2022 20:14 (UTC+04:00)

Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elşad müəllim, ABŞ son zamanlar Azərbaycan-Ermənistan münasibətlərində aktiv rol almağa çalışır. ATƏT-in həmsədrlərindən biri kimi biz bu ölkənin 30 illik dövrdə fəallığını görmədiyimiz halda indiki canfəşanlığı nədən qaynaqlanır?

- ABŞ-ın həmsədrlərindən biri olduğu ATƏT-in Minsk qrupu 1992-ci ildən 2020-ci ilə kimi, yəni 44 günlük Vətən müharibəsinə qədər münaqişənin dinc tənzimlənməsi istiqamətində heç bir addım atmadı. Bu bir reallıqdır. Ən azından Ermənistanın işğalçı dövlət olduğu da etiraf edilmədi. Artıq yeni bir reallıq ortadadır. Bu reallığı Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində yaradıb. Yəni biz öz torpaqlarımızı işğaldan azad etdik. Bununla nümayiş etdirdik ki, 30 ilə yaxın bir müddətdə danışıqların prosesində ona görə iştirak edirdik ki, regionda, sülh, təhlükəsizlik təmin olunsun, qan tökülməsin. Lakin Azərbaycanın bu mövqeyini görünür düzgün qiymətləndirmədilər. Azərbaycan Prezidenti hər zaman vurğulayırdı ki, nəticəsiz danışıqları sonsuzluğa qədər davam etdirməyəcəyik. Həqiqətən də bu 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupu münaqişənin dinc yolla tənzimlənməsi istiqamətində heç addım atmadı. Onların bütövlükdə mövqeyi status-kvo vəziyyətinin saxlanılmasına hesablanmışdı. Bunun başqa bir adı yox idi.

- Ermənistanın da məqsədi danışıqlarla sülhə nail olmaq deyil, vaxt uzatmaq idi...

- Bəli, Ermənistan isə sadəcə olaraq iştirak xatirinə bu danışıqlar prosesində iştirak edirdi. Hətta bunu da normal bir şəkildə həyata keçirmirdi. Deklorativ xarakterli addımlar nümayiş olunurdu. Amma bu addımlarla da aydın nümayiş etdirirdi ki, o, işğalçılıq siyasətinin nəticələrini zaman udmaqla leqallaşdırsın. ATƏT-in Minsk qrupu da buna xidmət edirdi. İndiki şəraitdə bütün dünya gördü ki, Azərbaycanın sərgilədiyi mövqe heç də sadəcə olaraq blef xarakteri daşımırdı. Yəni Azərbaycan real gücə sahib olaraq münaqişənin dinc vasitələrlə tənzimlənməsini istəyirdi. Dövlətimiz tam səmimiyyətlə hər zaman dinc elementləri əhatə edən sülh gündəliyini dəstəkləyirdi. Nəhayət dünyanın dinc tənzimlənmə prosesində fəaliyyətsizliyini eyni zamanda Ermənistanın dağıdıcı mövqedən çəkinmədiyini Azərbaycana qarşı təxribatlarını görən dövlətimiz təbii ki, öz gücünü ortaya qoydu və torpaqlarını qısa zaman kəsiyində işğaldan azad etdi. Ölkəmiz bir daha nümayiş etdirdi ki, Azərbaycan həqiqətən də real hərbi gücə malikdir. Bu baxımdan indiki reallıq çərçivəsində təbii ki, artıq dönməz bir xarakter alan prosesə qoşulmaq istəyənlər çoxdur. Bütün prosesləri isə hərəkətləndirən məhz Azərbaycandır.

- Sizcə, ABŞ-ın sülh prosesində hansısa müstəvidə yer alması gözlənilir?

- ABŞ Dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşadırılması məsələsində dəstək olmağa hazırlığını bildirib. Amma bu istiqamətdə ABŞ tərəfindən konkret hansı addımlar atıla bilər bilər sualına cavab sözsüz ki, çox vacibdir. Çox yaxın bir keçmişdə ABŞ Konqresi tərəfindən qondarma rejimə əlavə yardım ayrılması barədə qərar verildi. Yəni Azərbaycanın razılığı olmadan belə bir yardımın ayrılması təbii ki, suallar doğurur. Ona görə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını səmimi istəyən tərəflər hər şeydən öncə öz mövqeləri ilə bunu nümayiş etdirməlidirlər. Azərbaycan Ermənistanla münasibətlərinin normallaşdırılması, sülh sazişini imzalamaq üçün təkliflər paketi təqdim edir. Erməni baş nazir son çıxışında ifadə etdi ki, Azərbaycanın irəli sürdüyü təklifləri qəbul edir. Burada Ermənistanın narahat edən heç bir məqam yoxdur. Azərbaycanın irəli sürdüyü baza təklifləri də qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, ərazi iddialarından əl çəkilməsi sərhədlərin müəyyənləşməsini özündə ehtiva edir. Bütün bunlar olmasa yekun sülh sazişi imzalamaq qeyri-mümkündür.

- Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü 6 maddəlik təklif nədən ibarətdir?

- Ermənistan tərəfi Qarabağdakı ermənilərin təhlükəsizliyi məsələsinə diqqət çəkir. Halbuki Ermənistanın təhlükəsizliyini ən yaxşı formada təmin edəcək subyekt elə Azərbaycandır. Ermənistan əksinə Azərbaycan ərazisində yaşayan ermənilərin təhlükəsizliyinə hər zaman təhdid yaradan addımlar atıb. Yəni onları təxribat xarakterli proseslərin içində saxlayıb. Bu baxımdan separatizm meyillərindən tam imtina fonunda Azərbaycan ərazisində ermənilərin təhlükəsizliyinə heç bir təhdid olmayacaq.

- Brüsseldə Hikmət Hacıyevlə Armen Qriqoryanın görüşündən sonra erməni tərəfi təhlükəsizlik və hüquqi məsələləri önə çəkməyə çalışdı. Qarşı tərəf bununla nəyi nəzərdə tutur?

- Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşündə inistisional təhlükəsizlikdən danışdığını açıqladı. Amma məsələ burasındadır ki, onlar konkret bunun mahiyyətinin nədən ibarət olduğunu açıqlamırlar və yaxud da ki, bunu açmağa qorxurlar. “Status” ifadəsini görünür işlətmək istəmirlər. Çünki bununla bağlı Azərbaycanın mövqeyi onlara aydındır. Ona görə də ABŞ Dövlət katibinin Azərbaycan Prezidentinə ardıcıl telefon zəngi hər şeydən öncə ölkəmizin əhəmiyyətinə dəlalət edir. Bu, Prezident İlham Əliyevə olan ehtiram və inamın göstəricisidir. Çünki bu gün Cənubi Qafqazda prosesləri yönləndirən ölkə Azərbaycandır. ABŞ dövlət katibinin ölkə başçısına zəngi də məhz bundan ibarətdir.

- Nikol Paşinyan Niderlanda səfəri zamanı yenidən Azərbaycan qarşı əssasız ittihamlarla çıxış etdi. Bu cür davranışlar sülh prosesinə necə təsir edə bilər?

- N.Paşinyan Azərbaycanın hümanitar məsələlərlə bağlı addım atmamaqda ittiham etdi. Onun digər iddiası Azərbaycanda saxlanılan erməni təxribatçılarla bağlı idi. Sülh gündəliyini müzakirə edən bir liderin belə yanaşması qəbuledilməzdir. O maksimum şəkildə özünə kənarda ortaq axtarmağa çalışır. Belə olan halda Ermənistana mütləq şəkildə təzyiq edilməlidir. Bu baxımdan ABŞ məhz prosesə töhvə vermək istəyirsə Ermənistanla müvafiq istiqamətdə xüsusi iş aparsın. Amma bütövlükdə ABŞ-ın proseslərə marağı Azərbaycan Prezidentinə edilən ardıcıl zənglər, aparılan məsləhələşmələr önəmli idi. Bu Azərbaycanın mövqelərinin növbəti dəfə ifadə edilməsi baxımından olduqca vacibdir.