Moskvada ilk iclas: Kreml yenə təşəbbüsü ələ almağa çalışır

13 May 2022 16:50 (UTC+04:00)

Politoloq İlyas Hüseynov Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

– İlyas müəllim, mayın 16-17-də Moskvada Ermənistanla Azərbaycan arasında demarkasiya və sərhəd təhlükəsizliyinə dair ilk ikitərəfli görüş keçiriləcək. Bu görüşdən gözləntiniz nədən ibarətdir?

– Sərhədlərin delimitasiyası və demarkasiyası rəsmi Bakı tərəfindən irəli sürülən bir tələbdir və Azərbaycanın 5 maddəlik təkliflərində də bu məsələ xüsusilə qeyd olunub. Sərhədlərin delimitasiyası həm də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin Ermənistan tərəfindən qəbul edilməsidir və yekun sülh müqaviləsi ilə bağlı olan məsələlər burada öz əksini tapır.

Mayın ortalarında Moskvada Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi komissiyasının ilk iclasının keçirilməsi razılaşdırılıb. Komissiya öz mandatına uyğun fəaliyyət göstərsə, bu o deməkdir ki, o zaman Rusiya öz vasitəçilik imkanlarını bir qədər də genişləndirmiş olacaq. Çünki Brüssel formatında keçirilmiş görüşdə razılaşdırılmışdı ki, aprelin 30-dək komissiyanın iclası çağrılacaq. Azərbaycan tərəfi komissiyanın tərkibini müəyyənləşdirdi, onun rəhbərini təyin etdi. Lakin komissiyanın iclası keçirilmədi. Mayın 2-də Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilsə də bu görüş sülh müqaviləsinin imzalanması ilə bağlı detalların, delimitasiya ilə bağlı ümumi prosesin, nəqliyyat və iqtisadi əlaqələrin bərpası ilə bağlı məsələlərin müzakirəsindən ibarət oldu. Siyasi dialoqun və təmasın genişləndirilməsi ilə bağlı bu görüşü aktivə yazmaq olar. Lakin hazırda mayın ortalarına qədər biz sərhədlərin demarkasiyası və sərhəd təhlükəsizliyi komissiyasının ilk iclasının keçirilməsini müşahidə etsək, bu, Rusiyanın prosesdə bir addım önə çıxması demək olacaq. Çünki biz ümumi Brüssel-Moskva mübarizəsinin də şahidiyik. Regionda sülhün və təhlükəsizliyin qorunması istiqamətində hər iki tərəf müxtəlif təkliflərlə çıxış edir, reveranslar həyata keçirilir. Bu baxımdan hazırda 6 aprel Brüssel sülh gündəliyinə uyğun olaraq proseslər icra olunsa da Rusiya-Ukrayna müharibəsi fonunda biz Rusiyanın vasitəçilik imkanlarının bir qədər zəifləməsini müşahidə etdik.Eyni zamanda 11 yanvar 2021-ci il tarixində baş nazirlərin müavinləri səviyyəsində formalaşmış işçi qrupunun da görüşləri keçirilmir. Bu görüşlərin keçirilməməsi də iqtisadi və nəqliyyat əlaqələri ilə bağlı prosesi yubadır. Bu baxımdan həm kommunikasiya əlaqələrinin bərpa olunması, həm də sərhədlərin delimitasiyası, bundan sonrakı demarkasiya ümumi bir üzvi bağlılığı təşkil edən proseslərdir. Bu proseslər regionda təhlükəsizlik arxitekturasının gücləndirilməsinə xidmət edir və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını daha da tezləşdirir. Bu baxımdan Moskvada keçiriləcək iclas konstruktiv razılıqların əldə olunmasına şərait yaradacaq.

– Son dövrlərdə Ermənistan Azərbaycan ərazisində kompakt yaşayan ermənilərlə bağlı əsassız iddialar irəli sürür. Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 11-də Haaqadakı Hollandiya Beynəlxalq Münasibətlər İnstitutunda çıxış edərkən bu iddiaları bir daha səsləndirib. Bu haqda fikirlərinizi bilmək istərdik...

– Azərbaycan ərazisində sayları maksimum 25 min nəfər təşkil edən ermənilərin siyasi danışıqlar məsələsi kimi gündəliyə qaldırılmasına heç bir lüzum yoxdur. Bu, yalnız və yalnız destruktiv mahiyyət daşıyır, ümumi prosesə zərbə vurmaq üçün atılan addımdır. Azərbaycan ərazisində digər etnik azlıqlar da əsrlər boyu çox mehriban şəkildə yaşayıb. Ona görə də ermənilərin siyasi gündəliyə qaldırılması və bu kartdan istifadə olunması yolverilməzdir. Azərbaycan ərazisində yaşayan bütün ermənilərlə bağlı hüquqi, siyasi, iqtisadi, sosial məsələlər Azərbaycanın daxili işidir və bizim daxili yurisdiksiyamızla həll olunur. Bu məsələlərin dövlətlərarası münasibətlərdə arqument kimi istifadə olunması yolverilməzdir. Düşünürəm ki, rəsmi Bakının iradəsi də bundan ibarətdir.

– Mayın 16-17 Moskvada, həmçinin, Ermənistanla Azərbaycan arasında kommunikasiya məsələləri üzrə komissiyanın görüşü keçiriləcək. Artıq dünən Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və və xarici işlər nazirinin müavini Andrey Rudenko Ermənistanın Baş naziri Nikol Paşinyanla İrəvanda müzakirələr aparıblar. Bu baxımdan qarşıdakı görüşdən gözləntinizi bilmək maraqlı olardı...

– Ümumilikdə Rusiya regionda hər bir sahədə fəallaşmaq meyli götürüb. Rusiya-Ukrayna müharibəsi bu intensivliyin qarşısını alsa da hazırda Moskva hər bir seqment üzrə öz aktivliyini artırmaqda maraqlıdır. Çünki həm də hazırkı durumda nəqliyyat yükdaşımaları, bu sahədən iqtisadi dividentlərin əldə olunması təbii ki, rəsmi Moskvanı da maraqlandıran bir məsələdir. Bu baxımdan Rusiya həm regiona kənar oyunçuların daxil olmasının qarşısını almaq, həm də öz hakimliyini qorumaq, maraqları çərçivəsində proseslərin tənzimlənməsinə nail olmaq istiqamətində fəaliyyət göstərir. Bütün proseslərin bir-biri ilə qarşılıqlı bağlılığı var. Həm iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması ilə bağlı komissiya, həm də delimitasiya komissiyası ümumi fonda sülhün qorunmasına xidmət etməklə yanaşı həm də açıq qalan məsələlərin həll olunması, problematik işlərin nizama salınması mahiyyəti daşıyır. Çünki biz sərhədlərin delimitasiyası olmadan iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasını təsəvvür edə bilmərik. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması sərhədlərin müəyyənləşməsi kontekstində yalnız öz həllini tapa bilər. Çünki sərhədlər müəyyənləşdirilmədən iqtisadi əlaqələrin bərpa olunması da absurd səslənir. Bu baxımdan bu komissiyaların qarşılıqlı surətdə fəaliyyəti, iqtisaiyyatlar arasında koordinasiyanın olması ehtimalları da çox güclüdür.

Rusiya xarici işlər nazirinin müavini Rudenko həm də MDB məsələləri üzrə ümumi prosesləri tənzimləyir. Bu baxımdan onun sərhədlərin delimitasiyası üzrə komissiya ilə yanaşı kommunikasiyaların açılması üzrə işçi qrupunun fəaliyyətinin bərpa olunması ilə bağlı verdiyi bəyanatlar Düşənbədə keçirilən MDB XİN başçıları şurasının iclası ilə paralellik təşkil edir. Bildiyiniz kimi Düşənbədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilib. Bu proseslərin eyni düymədən sıxılması arasında müəyyən uyğunluq var. Rusiya, görünür, bölgədə iqtisadi varlığını qoruyub saxlamaq, nəqliyyat daşımalarında imkanlarını genişləndirmək baxımından daha da fəallaşıb. Moskva bununla həm də Brüssel sülh gündəliyi ilə bağlı görülmüş işlərə alternativ yaratmağa çalışır.