Uşaqlarını görməyə gələn kişini döyüb öldürən şəxslə bağlı – Yeni xəbər

15 May 2022 10:23 (UTC+04:00)

Bakının Sabunçu rayonunda qətl törətməkdə təqsirləndirilən Əbülfərz Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Faiq Qəniyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin yanvarın 19-da, saat 22 radələrində Sabunçu rayonu ərazisində 1979-cu il təvəllüdlü Ramil Atakişiyev almış olduğu xəsarətlər nəticəsində yanvarın 24-ü xəstəxanada ölüb.

Müəyyən edilib ki, 1993-cü il təvəllüdlü Əbülfərz Məhərrəmovun şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Ramil Atakişiyevi döyərək xəsarətlər yetirib və o, almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

İstintaq müəyyən edib ki, yanvar 19-da axşam saatlarında Ramin Atakişiyev övladını görmək üçün keçmiş həyat yoldaşı ilə görüş təyin edib. Ramin Atakişiyevi isə Xəlil bəy Xasməmmədov küçəsi 1 B ünvanında onun həyat yoldaşının qeyri-rəsmi nikahda yaşadığı Əbülfəz qarşılayıb.

Əbülfəz Ramin Atakişiyevi bel ilə döyərək ona ağır xəsarətlər yetirib. Xəstəxanada o, vəfat edib.

İstintaq orqanı tərəfindən Əbülfəz Məhərrəmovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.