Bu gün şəhid Elnur Allahverdizadənin doğum günüdür - Foto

15 May 2022 20:47 (UTC+04:00)

Bu gün II Qarabağ müharibəsi şəhidi Allahverdizadə Elnur Əli oğlunun doğum günüdür.

Teleqraf.com xəbər verir ki, Elnur Allahverdizadənin yaxınları ilə yanaşı, iş yoldaşları, şəhidin bitirdiyi Sumqayıt şəhər 41 saylı orta məktəbin müəllim - şagird kollektivi, məzun olduğu Bakı Slavyan Universitetindən rektor və dekan heyəti məzarını ziyarət ediblər. Məktəblilər şəhidin məzarı başında vətənpərlik ruhunda şeirlər söyləyiblər. Anım tədbiri Şəhid Elnur Allahverdizadənin adına verilən ehsan süfrəsi ilə davam edib.

Elnur Allahverdizadə 15 may 1995-ci ildə Sumqayıt şəhərində doğulub. 29 sentyabr tarixindən cəbhəyə yollanan Elnur 4 oktyabrdan şəhid olduğu günə - 7 noyabr tarixinədək döyüşlərdə iştirak edib. Həmin gün düşmənin açdığı top atəşindən boğazına tuşlanan qəlpə yarası ilə Ağcabədinin Yuxarı Qiyaməddinli kəndində şəhid olub.

Qeyd edək ki, Elnur Allahverdizadə şəhadətindən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.