İki qonşusu NATO-ya qoşulur – Putin “xüsusi əməliyyat” əmri verəcək?

16 May 2022 13:10 (UTC+04:00)

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü Finlandiya və İsveçi qısa müddətdə NATO-ya üzv olmağa tələsdirir. Bu fonda isə alyans Ukraynanı müdafiə mövqeyindən uzaqlaşır.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı politoloq Qriqori Perepelytsa deyib.

Ekspertin fikrincə, Finlandiya və İsveç Rusiya ilə müharibə etmək niyyətində deyil və rus ordusunun mümkün təcavüzündən qorunmaq yolu NATO-ya gedən yolu seçib.

“Bəs Rusiya nə cavab verəcək? Heç nə. Rusiya qoşunları Ukraynada ilişib qalıb. Üstəlik, əvvəllər Rusiya NATO-nun şərq cinahında alyansdan daha üstün idisə, Ukrayna bu vəziyyəti dəyişib. Bu gün NATO Ukraynanı müdafiə etmir, Ukrayna isə onun şərq cinahını müdafiə edir”, - politoloq bildirib.

Perepelytsa Ukraynanın Rusiya ordusunun döyüş qabiliyyətini ciddi şəkildə zəiflətdiyini vurğulayıb. Eyni zamanda, ekspert deyib ki, Finlandiya Rusiya qoşunlarının işğalı risklərini dərk edir, buna görə də qısa vaxtda NATO-ya üzv olmağa çalışırlar. Perepelytsanın proqnozuna görə, Vladimir Putin Finlandiyada “xüsusi əməliyyat” başlamayacaq, eyni zamanda, qoşunlarını Ukraynadan çıxarmalı olacaq.

“NATO-nun Finlandiya və İsveçi öz sıralarına qəbul edib-etməməsinə gəlincə, düşünürəm ki, bu, alyansın standartlarına uyğunluğun yoxlanılmasından dərhal sonra baş verəcək. Bu, təcili verilmiş siyasi qərar, eləcə də, NATO-nun Rusiyanın ultimatumuna cavabı olacaq”, - politoloq qeyd edib.