Kim Çen In hərbçiləri səfərbər etdi - Təcili iclas

16 May 2022 12:12 (UTC+04:00)

Şimali Koreya lideri Kim Çen In ölkədə koronavirusun yayılması fonunda apteklərə dərman tədarükünü təşkil etmək üçün ordunun səfərbər edilməsi barədə göstəriş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Şimali Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadla məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Koreya Əmək Partiyasının Siyasi Bürosu ölkədəki vəziyyətlə əlaqədar təcili iclas keçirib. Orada Şimali Koreya lideri qeyd edib ki, dövlət orqanlarının göstərişinə baxmayaraq dərmanlar apteklərə çatdırılmayıb. Bununla əlaqədar, Kim Çen In KXDR Xalq Ordusunun hərbi tibb istiqamətinin qüvvələrinin Pxenyana dərman təchizatının dərhal stabilləşdirilməsinə cəlb olunmasını əmr edib.

Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi, həmçinin, ölkədə son 24 saat ərzində 8 nəfərin koronavirusdan öldüyünü bildirir. Şimali Koreyada ölənlərin ümumi sayı 50 nəfərdir. Eyni zamanda, xəstələrdən birində testlər gizli omikron kimi tanınan "omicron BA.2" koronavirus ştammının variantını aşkar edib.

Qeyd edək ki, mayın 12-də Şimali Koreyada ilk dəfə olaraq koronavirusa yoluxma halı aşkarlanıb. Bundan əvvəl rəsmilər ölkədə pandemiya olmadığını bildiriblər. Xəstəliyin aşkarlanması ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi elan edilib. Həmçinin, Şimali Koreyada gün ərzində 296 mindən çox yeni xəstənin “naməlum qızdırma”ya tutulduğu bildirilir. Xəstələrdə yüksək hərarət var. Sutka ərzində 15 nəfər vəfat edib. Bütün müddət ərzində 820 mindən çox insan xəstələnib.