“Avroviziya”nın meyvəsi yoxdur, vaxtilə Səmərqənddə... – Müsahibə

16 May 2022 17:10 (UTC+04:00)

Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini Fazil Mustafa Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

– Fazil bəy, Turində keçirilən “Avroviziya-2022” mahnı müsabiqəsini izlədinizmi?

– Yox, izləmədim. Ümumiyyətlə, mənim maraq dairəmə daxil deyil.

– Müsabiqənin qalibi “Stefaniya” mahnısı ifa edən “Kalush Orchestra” qrupu ilə təmsil olunan Ukrayna olub. Ukraynanın müsabiqədə qalib gəlməsini necə qiymətləndirirsiniz?

– Əslində düzgün edib birinciliyi Ukraynaya veriblər. Çünki bu yarışmanın onsuz da böyük bir əhəmiyyəti yoxdur. Diqqət edirsinizsə, Ukraynaya hazırda Avropa məkanında bütün istiqamətlərdə dəstək var. Bu da mənəvi dəstəkdir. Məncə, bu dəstəyi hansısa bir şəkildə qısqanclıqla qarşılamaq düzgün deyil. Ukrayna bundan əvvəl iki dəfə – 2004 və 2016-cı illərdə də qalib gəlmişdi. Xatırlayıram ki, 2004-cü ildə Ruslana adlı müğənni qalib olmuşdu. Amma indi Ukraynaya sırf siyasi məqsədlə birincilik veriblər. Normal yanaşmaq lazımdır. Əslində “Avroviziya” özü də əslində siyasi xarakterli bir tədbirdir. “Avroviziya”da əsas olan iştirakçılıqdır. Kimin qalib gəlməsi böyük məna kəsb etmir. “Avroviziya” mədəni Avropa tədbirdir. Bu tədbirdə də belə nəticənin olması məncə, bir qədər də gözlənilən idi. O baxımdan mən hansısa şəkildə bir narahatlıq amili görmürəm. Yəni mənəvi cəhətdən Ukraynaya bir xatırlatma, dəstək, Ukraynanın problemlərinə diqqət çəkmək məqsədilə edilən bir jestdir. İndi mahnının birinciliyə layiq olub-olmadığı başqa məsələdir. Bunu mübahisələndirmək olar. Məncə, birinciliyi Ukraynaya vermək siyasi cəhətdən doğru qərardır.

– Burada mədəniyyət tədbirinin siyasiləşməsinə yol verilir axı... Biz görmüşük ki, idman yarışlarında beynəlxalq idman federasiyaları qəti şəkildə idmanın siyasiləşməsinə qarşı çıxırlar. Hansısa matçda üzərinə siyasi məna ifadə edən şüarla meydana çıxan futbolçular anındaca diskvalifikasiya edilir, onların təmsil etdikləri komandalar sanksiyalara məruz qalır. Bəs “Avroviziya”da niyə siyasiləşməyə yol verlir?

– Siyasət bütün idman tədbirlərində öz rolunu oynayır. Ona görə də bunu bir faciə kimi görməyimizin mənası yoxdur. Mədəniyyət də bir siyasətdir. Təbii ki, sənətin üstünlüyü, mədəni dəyərlərin önə daha çox çıxması vacibdir. Amma çıxmırsa, bunu dərd etməyin də bir adı yoxdur. İnsanlar hər halda müəyyən dərəcədə bir-birinə bu mədəni tədbirlər vasitəsilə elə siyasi cəhətdən də yaxınlaşmış olurlar. İndi bu spesifik bir vəziyyətdir. Ukrayna əraziləri işğal olunub, ölkənin böyük problemləri var, faciələr yaşayır, hamı qaçqın vəziyyətindədir. Belə bir vəziyyətdə bir xalqa, dövlətə belə mənəvi dopinqlərin verilməsi, məncə, təhlükəli deyil. O vaxt təhlükəli olardı ki, Ukrayna özü işğalçı dövlət olardı və ona qarşı bu reveranslar edilərdi. Məsələn, Avropanın indiyədək Ermənistana etdikəri bir mədəniyyətsizlik nümunəsidir. Çünki Ermənistan əslində yarışlardan da məhrum edilməli idi. Rusiya komandalarını necə məhrum etmisinizsə, buyurub Ermənistan komandalarını da məhrum etməli idilər. Ancaq bunu etmədilər. Bu məsələlər özlüyündə haqlı suallar doğurur. Amma indi nə edək?! Reallıqlar budur. İndiki vəziyyətdə heç olmazsa, ərazisi işğal olunmuş dövlət, o xalqa təsəlli üçün bunu etmək mənfi görüntü vermir.

– Ukrayna Prezidenti Volodimir Zelenski “Biz əlimizdən gələni edəcəyik ki, bir gün “Avroviziya” iştirakçılarını və qonaqlarını Ukraynanın Mariupol şəhərində qəbul edək” deyib. Bu açıqlamanı necə şərh edərdiniz?

– Bu da mənəvi bir çağırışdır, niyyətdir. Ola bilsin ki, o istəyi həyata keçirmək bəlkə də mümkün olmadı. Amma həm də diqqət çəkir ki, Mariupol bir faciə şəhərinə çevrilib və orada böyük faciə yaşanır. Ona görə də bunu deməyi bir mənəvi məsələdir. Necə ki biz vaxtilə deyirdik ki, gün o gün olsun bu toyu, “Xarıbülbül” festivalını Şuşada keçirək. Biz bunu gerçəkləşdirdik. Xalqların bir haqlılıq, ədalət davası var. Bu dava nə vaxtsa öz yerini tapır. Yekununa gəlir. Gələn il olmasa da hər halda bu addımı, niyyəti Ukrayna cəmiyyətinə təqdim etmək, ona müəyyən mənəvi ruh aşılamaq məncə, zərərli deyil.

– Doğru qeyd etdiniz ki, biz hər dəfə şad günlərdə növbəti tədbiri Şuşada, Cıdır düzündə, Qarabağın digər yerlərində keçirməyi arzu edirdik...

– Bəli, biz bütün məclislərdə, hər yerdə bu sözü deyirdik. Biz gəlib buna nail olduq. Bizim bu arzularımızı nə zamansa gerçəkləşdirmək daha az inandırıcı idi. Qayıtdıq və bu gün orada tədbirlərimizi də keçiririk. Demək, hər bir xalqın belə bir ümidi yaşatmasında yalnız pozitiv məqamalır axtarmaq lazımdır. Bir növ xalqa stimul, ruh vermək üçün bu sözlər deyilməlidir və deyilir.

– Müsabiqədə səsvermə zamanı texniki problemlər yaşanıb. Azərbaycan, Gürcüstan və Rumıniya münsiflər heyətinin xallarını özləri elan edə bilməyiblər. Bu texniki məsələ sonradan ciddi narazılığa səbəb ola bilərmi?

– Verilən xallar və sair bu kimi məsələlər marginal çevrəni maraqlandıran məsələdir. Cəmiyyətin total olaraq bu təsirlə bir gözləntisi, yaxud fərqli istiqamətlənməsi yoxdur. Bu epizodda texniki nöqsanlar da ola bilər. Bu, cəmiyyət həyatında böyük bir silkələnmə yaratmır. Oldu, bitdi. Bir də gələn il yada düşəcək ki, belə bir tədbir var. İlk vaxtlar bizim üçün bir az maraqlı idi. Avropa-filan, o məkanda görünmək, şəkil çəkdirmək, mahnı oxumaq... Amma indi bu, adiləşmiş bir şeydir. Ona görə də burada əsas iştirakçı olmaq önəmlidir. Yəni biz də bu mədəni dünyanın içindəyik, orada yer alırıq, dəyərimiz, mədəniyyətimiz var və bunu göstəririk. Bundan o tərəfə, yəni bizim oradan hansısa kubokla qayıtmağımızın, qələbə ilə qayıtmağımızın bir adı yoxdur. Həm də orada qələbə qazananların sonrakı taleyi də göstərir ki, onlar böyük sənətdə çox da ciddi şəkildə yerləşə bilmirlər və yoxa çıxırlar. Ona görə də o müsabiqələr önəmlidir ki, orada sənətə qalıcı insanlar bəxş olunur. Bir vaxtlar Səmərqənd festivalı var idi. Oradan çıxanlar Azərbaycanın dəyərli sənətkarlarına çevrildilər. O cür tədbirlər daha önəmli idi. Yəni əsas olan hansısa festivalın belə deyək, meyvəsidir. “Avroviziya”nın meyvəsi yoxdur.

– Son olaraq bütövlükdə “Avroviziya” müsabiqəsinə sizin münasibətinizi bilmək istərdik...

– Münasibətim normaldır. Təbii ki, bu müsabiqədə azlıqların özünü nümayiş etdirməsi müəyyən dərəcədə, hətta mən deyərdim qabarıq şəkildə görünür. Bu müsabiqədə Avropa məkanında bizim bəlkə də geyim, davranış olaraq müəyyən dərəcədə qəbul etmədiyimiz məsələlər var. Amma bunlar mədəni dünyanın görüntüləridir. Biz bundan qaça bilmərik. Bundan kənarda qalmağı da doğru hesab etmirəm. Amma bunu əlahiddə bir tədbir olaraq görməyə də bir məna verə bilmirəm. İştirak etməliyik, görünməliyik, amma özümüzü də öldürməməliyik.