Bölgədə ABŞ-İran gərginliyi - Baza raketlərlə hədəfə alındı

17 May 2022 10:56 (UTC+04:00)

Suriyanın Həsəkə bölgəsində ABŞ hərbi qüvvələrinin yerləşdiyi bazanın yaxınlığına raket zərbələri endirilib.

Teleqraf.com xəbər verir ki, hücumun İranın dəstəklədiyi terror qruplaşmalarının yerləşdiyi Deyr əz-Zordan edildiyi bildirilib.

Fərat çayının şərqindəki Deyr əz-Zor ABŞ-ın dəstəklədiyi PKK/YPG terror təşkilatı tərəfindən ələ keçirilib. Şəhər mərkəzi və digər kənd yerləri isə Əsəd rejimi və İranın dəstəklədiyi qruplaşmaların nəzarətindədir.

Deyr əz-Zorda ABŞ və İranın dəstəklədiyi terror qruplaşmalarının yerləşdiyi bölgələr son zamanlar tez-tez hədəfə alınır.

Qeyd edək ki, aprelin 7-də Suriyanın şərqində ABŞ hərbçilərinin yerləşdiyi bazaya raket hücumu nəticəsində 4 amerikalı əsgərinin yaralandığı açıqlanıb. ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi hücumu kimin həyata keçirdiyini bilmədiklərini, amma bunun əvvəlki belə olaylarda olduğu kimi İranın dəstəklədiyi qruplaşmaların hücumlarına bənzədiyini deyib.