Bakıda baş verən qətllə bağlı rəsmi – Açıqlama

17 May 2022 10:15 (UTC+04:00)

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Nərimanov rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

Bu barədə Teleqraf.com-a Nərimanov rayon prokurorluğundan bildirilib.

Mayın 6-da, saat 11 radələrində Nərimanov rayonu, Atatürk prospektində yerləşən mənzildə 1986-cı il təvəllüdlü Şamil Əliyevin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər olan və çürüməyə məruz qalmış meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Toplanmış ilkin sübutlar nəticəsində cinayət əməlininin 1989-cu ildə Bakı şəhərində anadan olmuş Emil Ağayev tərəfindən 23 aprel 2022-ci ildə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Emil Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.