Aİ Rusiyaya qarşı sanksiyaların son həddinə yaxınlaşıb - Diplomat

17 May 2022 13:43 (UTC+04:00)

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların tətbiqinin son limitinə yaxınlaşıb.

Teleqraf.com xəbər verir ki, müvafiq fikri “Euractiv” internet portalına Aİ-dəki diplomatik mənbə bildirib.

“Moskvaya qarşı yeddinci sanksiyalar paketi inanılmaz dərəcədə çətin olacaq. Biz öz limitlərimizə çatmağa çox yaxınıq”, - diplomat Aİ xarici işlər nazirlərinin görüşündən sonra deyib.

Adının açıqlanmasını istəməyən diplomat daha sonra deyib:

“Rusiya nefti ilə bağlı belə bir qarışıqlıq olubsa, Rusiya qazının qadağan edilməsi təklifinin aqibətini təsəvvür edin”.

O, həmçinin vurğulayıb ki, Rusiyadan neft idxalına embarqo qoyulması təklifinə vetonun ləğvi ilə bağlı Macarıstanla danışıqlarda müəyyən irəliləyiş olmasına baxmayaraq, Aİ üzv dövlətləri hətta geri addım atıb.

Bundan əvvəl Aİ-nin xarici siyasət komissarı Jozep Borrell Avropa İttifaqının Rusiyaya qarşı sanksiya təzyiqini davam etdirəcəyinə söz vermişdi, lakin etiraf edib ki, bazar ertəsi Aİ xarici işlər nazirləri çox ciddi fikir ayrılıqları səbəbindən Rusiyaya qarşı sanksiyaların altıncı paketi, o cümlədən neftə embarqo üzrə kompromis tapmağa belə cəhd etməyiblər. Onun fikrincə, bu yeni sanksiyalar paketinin təsdiqi həftələrin işidir.