Prezident mükafatçısı gizlinləri açdı: "​Çox sonralar bildim ki..." - Müsahibə

18 May 2022 09:41 (UTC+04:00)

Teleqraf.com-un müsahibi bu yaxınlarda Prezident mükafatına layiq görülən Dövlət Gənc Tamaşaçılar Teatrının tanınmış və sevilən aktrisası Günel Məmmədovadır.

Günel Məmmədova orta təhsilini Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının rus bölməsində alıb. Orta məktəb illərində fortepiano və rəqslə məşğul olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada aktyorluğu fakültəsini bitirib. 2006-cı ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. “Çimnaz xanım yuxudadır”ın Nabatı ilə teatra addım atan aktrisa bir-birinin ardınca Cülyetta, Viktoriya, Nensi, Anjel, Sarıköynək, Zərif, Selcan xatun kimi aparıcı rollar oynayıb.

Filmoqrafiyasında “Yalan”, “Tərsinə çevrilmiş dünya”, “Aktrisa”, “Olimpiya” filmləri, “Sirr”, “Ata ocağı”, “Günəşim ol”, “Bir qadın”, “Ləkə”, “Həyat çiçəyi” serialları yer alır.

“İki insanın yanımda olmasını istəyirəm”

- Günel xanım, ötən həftə Prezident mükafatına layiq görüldünüz. Sizi təbrik edirik...

-Sizə də, sizin vasitənizlə məni təbrik edən insanlara bir daha təşəkkür edirəm. O insanların “Sən buna layiqsən” kəlməsi mənim üçün çox dəyərlidir. Bu gün alnıaçıq deyə bilərəm ki, bəli, mən Prezident mükafatçısıyam. Ölkə başçısı İlham Əliyevə, teatrımızın direktoru Nahidə xanıma, baş rejissorumuz Mehriban Ələkbərzadəyə dərin minnətdarlığımı bildirirəm.

Qəribə və sevindirici haldır ki, mənimlə eyni zamanda bu mükafata Elnur Kərimov və Elnur Hüseynov da layiq görüldü. Biz üçümüz də İncəsənət Gimnaziyasının məzunlayırıq. Teatra yeni gələndə ilk partnyorlarım Elnurlar olub. Bu gün də ilk mükafatımı Elnurlarla almışam.

Bu mükafat tək mənim deyil. Mənim anamın, sənət müəllimlərimim, partnyorlarımım, rejissorlarımın mükafatıdır.

Günel Məmmədova kimi tanınmağıma görə Allahıma, ailəmə, sənət müəllimlərimə, həmkarlarıma, məni sevən tamaşaçılara, mətbuat nümayənlərinə borcluyam.

Hamı məndən öncə anamı təbrik edirdilər. Çünk bilirlər ki, anam həmişə mənə dayaq olub. Məni məşqlərə də gətirib, çəkilişlərə də aparıb. Onun əməyi üzərimdə çoxdur.

Eyni zamanda sənət müəllimlərimə borcluyam. İncəsənət Gimnaziyasında Ulduz Quliyeva, Rafiq Əliyev, Nadir Hüseynov, Vidadi Həsənov, Elşən Rüstəmov, teatrda addım-addım mənə sənəti öyrədən insan Vaqif Əsədova təşəkkür edirəm.

Hazırda yanımda olmalarını istədiyim iki insan var. Bilirəm ki, bu uğuruma onlar da doğmalarım qədər sevinərdilər. Ustadım Rafiq Əliyev və dünyalar qədər çox istədiyim Fuad Poladov.

"Neçə tamaşadan adım çıxarıldı"

- Günel xanım, bu yaxınlarda “Mən qayıtdım” ifadəsini işlətdiyiniz statusunuz diqqətimi çəkdi. Bəlkə bir çoxları üçün anlaşılmaz ola bilər. Amma bunun teatra yönəlik status olduğu qənaətindəyəm. Çünki çox uzun zamandır ki, sizi teatrın tamaşalarında görmürdük. Uşaq tamaşaları və Vaqif Əsədovun hazırladığı “Oqtay Eloğlu” tamaşasını çıxmaq şərtilə...

- Bəli, bilənlər bilir. Müəyyən səbəblərə görə 10 ilə yaxındır teatrın tamaşalarında yer ala bilmirdim. Çünki teatrda bəlli insanlar çox çalışırdılar ki, mən səhnədən uzaq düşüm. Tamaşalarım bağlandı, neçə tamaşadan adım çıxarıldı. Kalmıkiyanın “Əməkdar artisti” fəxrina layiq görüləcəkdim, amma adım göndərilmədi. Kalmık teatrının bədii rəhbəri Boris Manciyev özü mənə yaxınlaşıb dedi ki, üç tamaşada səni istəmişəm, amma səni mənə verməyiblər. İngilis rejissoru Yan Uilem Van Den Boş bizim teatrda tamaşa hazırlayanda da məni heyətdə istəmişdi. Çünki onun master- klasında iştirak etmişdim, məni tanıyırdı. Rejissorlara “onunla işləmək istəmirlər, bütün günü çəkilişlərdədir” deyilirdi. Bütün bunlardan çox sonralar xəbərim olub.

“Oqtay Eloğlu” tamaşasında da başıma oyunlar açıldı. Amma o zaman gördüm ki, teatrın tikiş sexi, işçilər məni necə çox istəyirlər. Bir gecədə geyimlərimi tikib, məni tamaşaya hazırladılar. O insanların hər birinə çox təşəkkür edirəm.

- Deyəsən, ad çəkməməkdə israrlısınız.

- Daha bunun əhəmiyyəti yoxdur. Artıq hər şey yoluna qoyulur.

- Mehriban Ələkbərzadə teatrınıza yeni baş rejissor təyin olundu. Sizin oynadığınız “Romeo və Cülyetta” tamaşası da daxil olmaqla bir çox tamaşalar yenidən bərpa olunur. Yenidən və uzun aradan sonra Cülyettanı oynamaq necə hisdir?

- Qəribə hislər yaşayıram. İllər əvvəl tamaşa Cənnət Səlimovanın quruluşunda hazırlanmışdı. Bu dəfə tamaşanın bərpaçı rejissoru Nofəl Vəliyevdir. Nofəl müəllim tamaşada rəqslərin bərpasını mənə həvalə etdi. Bilirsiniz, uşaqlıqdan indiyə kimi rəqslə məşğulam. Bu mənada mənim üçün çox maraqlı təcrübə oldu.

Onu deyim ki, bu dəfəki “Romeo və Cülyetta” tamaşası gənclərin ifası və müəyyən mənada yenilənmiş heyətlə hər kəsi təəccübləndirəcək.

"Mən artıq Cülyetta deyiləm"

- Deməli, yeni Romeo və Cülyetta var?

- Yeni Romeolar var, amma Cülyettanı mən və Asya Atakişiyeva canlandıracaq. Sevinirəm ki, teatrımıza yeni, maraqlı gənclər gəlib. Hərəsi individual olaraq çox istedadlı, bacarıqlıdırlar, fiziki hazırlıqları çox yaxşıdır. Aktyorluq ilk növbədə Allah vergisidir. Onu inkişaf etdirsən peşəkarlaşırsan, amma o vergi insanda yoxdursa, nə etsən alınmır. Beləsi sadəcə kiminsə yerini tutur.

Ona da sevinirəm ki, indiki gənclərin həvəsi, sevgisi mənim hər zaman arzuladığım formadadır. Gənclər arasında favoritlərim də var. Adlarını çəkməyin ki, digərləri inciməsin. Qızlarımız da gəlsəydi, çox sevinərdim. Gənclər bütün mənada yeni nəfəs deməkdir.

İnanıram ki, 21 mayda gerçəkləşən nümayişimiz çox yüksək səviyyədə keçəcək. Həmin gün tamaşada Cülyetta rolunda dublyorum Asya Atakişiyeva çıxış edəcək. Ona da heyətimizin digər üzvlərinə də uğurlar arzulayıram. Fərqli və çox maraqlı tamaşa ilə tamaşaçıların qarşısına çıxacağıq.

Sualınıza gəlincə, nə yalan deyim, “Romeo və Cülyetta” bərpa olunda rejissora dedim ki, mən artıq Cülyetta deyiləm.

- Niyə bu fikirdəsiniz?

- Məni o dəfəki Cülyettadan 10 il ayırır. Görünüş olaraq əvvəlki kimi qala, səhnədə yaşımı göstərməyə bilərəm, amma daxilim dəyişib. Nofəl müəllim bu sözlərimdən sonra məni danladı, dedi aktrisa heç vaxt bunu deməməlidir. Amma mən düşünürəm ki, aktrisa artıq müəyyən tamaşaları, rolları özündən sonraki nəslə verməlidir. Mən əvvəlki Günel deyiləm, daxilim böyüyüb. 10 il öncəki Günellə indiki Günel necə fərqlidirsə, məncə Cülyetta da elə fərqlənəcək.

"Uşaq idim, qorxdum, çəkindim"

- Bəs indiki Günel Məmmədova hansı rolları oynamaq istəyir?

- Çox obrazlar var. İstər kinoda, istərsə də teatrda psixoloji yükü olan rolları canlandırmaq istəyirəm. Nə yalan deyim, komik rola həsrətəm.

- Hazırda yayımda olan “Ofis işi” serialında komik obrazdasınız axı.

- Tam istədiyim komediya deyil. Məsələn, “Çimnaz xanım yuxudadır” tamaşasında oynadığım Nabat kimi...Onu da çox az oynadığıma təəssüflənirəm. Teatrın kassa tamaşalarından idi.

Görünür, rejissorlar mənim bu tərəfimə inanmırlar.

- Bu potensialınızın olduğunu bilirsiniz. Amma bilmədiyiniz yönünüzü üzə çıxaran rejissorlar kimlər olub?

- Teatrda ustadım Rafiq Əliyev və Vaqif Əsədov. Vaqif müəllim mənə o qədər fərqli obrazlar verib ki...

Söz əzbərləyib səhnəyə çıxmağa nə var ki? Deyirlər, qliserinlə ağlayırsan, sözü əzbərləyib deyirsən, vəssalam. Amma elə deyil. Peşəkar insanlar həmin dəqiqə oyununda yalanı, texnikalardan necə və harda istifadə etdiyini çox yaxşı duyurlar. Peşəkarları aldatmaq olmur.

- Bəs kinoda elə bir rejissor yoxdur?

-Təəssüf ki, yoxdur. Nisbətən Şamil Nəcəfzadənin adını çəkə bilərəm. “Sirli bənövşə” bədii- sənədli filmdə üç fərqli obrazda çıxış etmişəm. Amma şanslarım çox olub.

- “Aktrisa” filmindəki Lalə rolu kimi...

- “Aktrisa” və adını çəkməyəcəyim başqa film də. O vaxt gənc idim, indi düşünürəm ki, hər ikisini oynayardım.

- Axı açıq-saçıq səhnələrə görə o filmlərdən imtina etmişdiniz? Deməli fikirləriniz dəyişib?

- Açıq-saçıqlıqla bağlı çərçivəmi heç vaxt sındıra bilmərəm. Amma indi düşünürəm ki, hansısa səhnəni başqa cür oynamaq olardı. Yəni aktrisanın ona tapşırılanı təqdim etmək üsulundan söhbət gedir. O vaxt uşaq idim, qorxdum, çəkindim. Amma hər iki film mənim kinoya vizit kartım ola bilərdi.

“Aktrisa” filminin rejissoru Rövşən İsaxın işinə peşəkar münasibətini çox bəyənirəm. O elə rejissorlardandır ki, insanın qabiliyyətini, alt qatlarını qazıb gün üzünə çıxarmağa çalışır.

Seriallarım arasında “Həyat çiçəyi”nin adını çəkə bilərəm. Onu gürcülər çəkirdilər və onlar da aktyorun alt qatları ilə işləyirdilər.

"O daha gözəldir, gözləri, saçı, boyu..."

- Günel xanım, qliserindən istifadə edib ağladığınız olub?

- Heç vaxt. İlk növbədə gözlərimə ziyandır. Rəhmətlik Rüstəm İbrahimbəyov deyirdi ki, gözyaşı çöldə deyil, içdə olmalıdır. Yaxşı aktyor və aktrisasansa bacar ağla, amma ağlama...

- Xarici kumiriniz kimdir?

- Nikol Kidmanı çox sevirəm, Meril Stripi çox bəyənirəm.

- Nikola bənzərliyiniz var.

- Bəli, elə deyirlər. Amma o daha gözəldir. Gözləri, saçı, boyu...

Mən kinomanam. Filmə baxmadığım gün olmur. Kitab oxumağı da sevirəm. Evimizdə iri biblioteka var. Rus bölməsində təhsil aldığıma görə kitabların əksəriyyəti rus dilindədir.

Orta məktəbi rus dilində oxuduğuma görə universitetdə çox əziyyət çəkirdim. Müəllimim Nadir Hüseynov mənə çox kömək oldu. Beş ilə yaxın rus dilində danışmağı qadağan etmişdi. Ustadım, rəhmətlik Rafiq Əliyev də rusdilli idi, məşqlərdə çox vaxt rus dilində danışırdıq. Çıxış yolu kimi səhnədə rus dilində danışanları cərimələyəcəyini elan etdi. Cəriməni ən çox ödəyən də özü idi.

- Çox maraqlıdır, niyə ağır atletika ilə məşğul olursunuz?

- Çox travmalarım var idi. “Oliver Tvist” tamaşasında onurğamdan zədə alandan sonra həkimlər mənə bəzi qadağalar qoydular. Mən də uşaqlıqdan aktiv həyat yaşamışam: akrobatika, rəqs. Təsəvvür edin, bunların hamısı ilə vidalaşmalı idim.

Həqiqətən bunu eləmək mənim üçün çox çətin idi. İnadçıyam. Bu məqamda məni idman xilas etdi. Trenerim sayəsində ağır çəki topladım və onun hesabına bu gün ayaqdayam. Halbuki əvvəllər ağır çəki yığmaq, ştanq qaldırmaq mənə görə qadının incəliyini əlindən alırdı. Amma indi hər şey əksinədir.

- İdmanla məşğul olanlar eyni zamanda yaxşı qidalanmalıdır...

- Trenerim də həmişə mənə bu sözü deyir. Əməl edə bilmirəm. Səhər yeməyi yemirəm, iş gərginliyindən gündə bir, yaxud iki dəfə qida qəbul edirəm. Pəhriz saxlamıram, sadəcə vaxtım olmur. Mənim dopinqim energetik içki və çaydır.

"Mənə milyon versələr də bunu etmərəm"

- Mən sizi tanıyandan eyni saç düzümündəsiniz. Rola görə də saçınızı kəsdirməzsiniz?

- Saçlarımı çox sevirəm. Çəkilişlərdə saçyığımı, boyalardan tez-tez istifadə saçımın strukturunu alt-üst etmişdi. Dörd ildir saçıma rəng qoymuram, çəkilişlərdə saçıma fen, lak, gel vurdurmuram. Bunun sayəsində saçım həm uzanıb, həm də özünə gəlib.

Bu yaxınlarda “İstintaq” çoxseriyalı bədii filmdə müstəntiq obrazını canlandırdım. Dəyişiklik üçün saçımın kəsilməsi təklif olundu, icazə vermədim. Nəhayət, parikdən istifadə etdim. Serial “Metaflix” platformasında yayımlanacaq.

Uzun illər əvvəl Qazaxıstanda bir filmə dəvət etdilər. Saçımı keçəl etdirməliydim. Çox yaxşı qonorar da verirdilər. İmtina etdim. Rola görə mənə milyon versələr də bunu etmərəm.

Məncə, qadının ən gözəl aksessuarı saçıdır.