"Azərbaycanla Ermənistan arasında sülhə əngəl: bu, təzə taktikadır” - Müsahibə

17 May 2022 15:52 (UTC+04:00)

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, Avropa Parlamentində, AŞPA-da gündəmə gətirilən məsələlərin xarakterinə nəzər salsaq Azərbaycanla bağlı yanaşmaları necə qiymətləndirmək olar?

- Baş verən hadisələrə bir qədər başqa konteksdə baxmaq lazımdır. Əslində bu hadisələr dərin təhlil edilməlidir. Məsələn Bakıda hansısa bir nümayiş keçirilir, AŞPA-da kimsə yenə də Azərbaycanı gündəmə gətirir, “insan haqları” məsələsi önə çəkilir. Jurnalistlərə qarşı guya hansısa “təzyiqlərin” olmasından bəhs edilir. Amma bu məsələləri yanaşı qoysaq görərik ki, bunlar bir qədər fərqli təhlil edilməlidir. Uzun müddət beynəlxalq məsələlərlə məşğul olan şəxs kimi bu hadisələrin hamısının haradan və necə qaynaqlandığı dəqiq bilirik. Amma bütün bunlara baxmayaraq, artıq Azərbaycan Avropa üçün həddindən artıq əhəmiyyətli və həlledici tərəfdaşa çevrilib. Ona görə də hadisələr bu konteksdən təhlil edilməlidir.

- Azərbaycanın təqdim etdiyi məsələlərə Avropa Birliyinin münasibəti necədir?

- Son zamanlar Azərbaycanın gündəmə gətirdiyi və istifadə etdiyi terminologiya Avropa Birliyi tərəfindən sözbəsöz təkrar edilir. Eyni zamanda Avropa Birliyinin təklif etdiyi məsələlər, düşüncələr, istiqamətlər Azərbaycan tərəfindən tam şəkildə qəbul edilir. Bu istiqamətdə hər hansı bir ziddiyyət də görünmürdü. Adətən biz bunu görmürdük. Çünki bəzən problemlər də üzə çıxırdı. Ancaq indi daha çox üst-üstə düşən məsələlər gözə çarpır. Bu da Avropa Azərbaycan münasibətlərinin yeni bir mərhələyə keçdiyini göstərir. Biz regionda yeni reallığı yaradandan, yeni geosiyasi mənzərəni formalaşdırandan sonra Avropanın bu regiona baxışı da dəyişib. Bu münasibət də Azərbaycanın mövqeyi ilə üst-üstə düşən prinsipə gətirib çıxarıb. Bir müddət öncə Avropa Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidentinin təklif etdiyi prinsiplər əsasında sülhün bərqərar olunması ilə bağlı bəyanat verdi. Azərbaycan və Ermənistanın Avropa Şurası ilə birgə təşəbbüsləri yeni bir mənzərənin, dövrün başlanmasına dəlalət edirdi. Məhz bu dövr başlandıqdan sonra xaricdən ölkəmizə nazirlər, müxtəlif təşkilatların rəhbərləri gəlib-getməyə başladı və bunun fonunda regional, hətta qlobal miqyasda olan proseslər üçün Bakının bir mərkəz rolu formalaşdı. Hətta Rusiya-Ukrayna münasibətləri bu platformada açıq şəkildə müzakirəyə təqdim edilirdi.

- Sizcə, indiki mərhələdə bu platformanın genişlənməsinə və daha işlək müstəviyə keçməsinə nə mane olur?

- Bir neçə müddət keçdikdən sonra Ermənistan bu formata əngəllər yaratmağa başladı. Əvvəlcə böyük qonşumuzu ikitərəfli münasibətlərə qoşmaq cəhləri oldu. Avropa Birliyi ilə birgə təşkil edilən münasibətlərə böyük qonşumuzu daxil etməklə pozuculuq niyyəti nümayiş olundu. Hətta bunun ardınca Moskvada guya hansısa danışıqların aparılması ilə bağlı informasiyalar ortaya atıldı. Sözsüz ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bunu dərhal təkzib etdi. Məhz bu “taktika” işə yaramayandan sonra başqa bir “metoda” əl atıldı. Elə bunun ardınca Ermənistanda aksiyaların keçirildiyinin şahidi olduq. Paralel olaraq Azərbaycanın təklif etdiyi sülh təkliflərinin qarşısına 6 şərtin irəli sürülməsi heç də təsadüfi deyildi. Daha sonra isə Ermənistanda daxili vəziyyətin bir qədər də gərginləşdiyini gördük. Bununla yanaşı Azərbaycanda “insan haqqları”, guya jurnalistlərə “hücum”la bağlı məsələ Avropa Şurasına daşınmağa başlandı. Azərbaycanla bağlı xüsusi sənədlərin formalaşması, guya “insan haqqlarının” kəskinləşməsi kimi absurd məsələlər gündəmə gətirildi. Bunun ardınca Bakıda nümayişin təşkili fonunda elə bir mənzərə yaradılırdı ki, guya nə Ermənistan, nə də Azərbaycan sülhə hazır deyil. Formalaşdırılan ab-hava məhz buna hesablanmışdı.

- Sülh prosesinin üzərindən “insan haqqları” və Ermənistandakı aksiyalar fonunda sükutla keçmək daha çox kimlərə sərf edir?

- Biz bu məsələləri ayrı-ayrılıqda təhlil etsək görərik ki, burada olan məsələlər arasında bir bağlılıq var. Amma unudurlar ki, Azərbaycan güclü dövlətdir və ölkə Prezidenti İlham Əliyev ölkənin maraqlarına uyğun olan bir siyasət aparır. Bu siyasət regionda sülhə nail olmaq üçün əsas olacaq. Eyni zamanda regional inkişafa da bir zəmin yarana bilər. Belə vəziyyətdə sülh istəməyən qüvvələrin dövriyyəyə buraxdığı məsələlər, Ermənistandakı aksiyalar və Azərbaycanın imicinə xələl vurmaq cəhdləri açıq görünür. Hətta bütün bunların davamında Avropada Azərbaycanla Ermənistanın durumunu müzakirə edib, bunu sülh yox, insan haqqları məsələsinə çevirmək kimi uğursuz gedişlər edilməsi düşünülürdü. Məqsəd sülh prosesini kənara qoyub “insan haqqlarını” önə çəkilməsini gündəmə gətirmək idi. Amma bunlar uğursuzdur. Belə tip cəhdlər bundan sonra da olacaq. Azərbaycanda, Ermənistanda analoji vəziyyəti yaratmaq istəyənlər çox olacaq. Avropa Şurasının özündə belə hallara rast gəlinəcək. Çünki bu qüvvələr tək Azərbaycanda, Ermənistanda işləmirlər. Onlar Avropa Parlamentində, Avropa Şurasında da “aktiv iş” aparırlar. Bu qüvvələr elə dərin kök salıblar ki, onlarla bir gündə mübarizə aparıb konkret nəticəyə gəlmək çətindir.