İƏT-ə üzv ölkələr Zəngəzur dəhlizindən faydalanacaq - Spiker

17 May 2022 15:34 (UTC+04:00)

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (İƏTPA) sədrlik Pakistandan Azərbaycana keçib.

Teleqraf.com-un məlumatına görə, Milli Məclis sədri Sahibə Qafarova deyib ki, Azərbaycan Parlamenti təşkilata sədrliyi dövründə öz səylərini göstərəcək.

Spiker Sahibə Qafarova çıxışı zamanı Azərbaycanın 30 ildən artıqdır ki, işğal altında olan torpaqlarını 2020-ci ildə azad etdiyini bildirib. Deyib ki, işğal zamanı Azərbaycanın məscidləri, ibadət yerləri dağıdılıb: “Hazırda işğal dövründə dağıdılan yerlər bərpa olunur, yeni şəhər və kəndlər inşa olunur. Bu ildən qaçqınlar öz yurdlarına qaytarılmasına başlanılacaq”.

Spiker deyib ki, hazırda Azərbaycan dünyanın ən çox minalanmış ölkələrdən biridir: “Təəssüflər olsun ki, Azərbaycan bu istiqamətdə ən az yardım alan ölkələrdən biridir.

Sülh müqaviləsinin imzalanması barədə Azərbaycan təkliflər verib: “Biz sülh və gələcək haqqında danışmaq istəyirik. Azərbaycanın səylərini davam etdirir. Brüsseldə üçtərəfli görüş keçirilib. Bu görüşdən sonra Ermənistan Azərbaycan tərəfindən irəli sürülən təklifləri qəbul etdiyini açıqlayıb. Amma bu istiqamətdə hansı addımlar atdığı hələlik məlum deyil. Azərbaycan sülh danışıqlarına hazırdır. Ermənistan sülhə getməlidir. Bu regionda sülh və sabitliyin yeganə yoludur”.

Spiker sonda Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb və bildirib ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən faydalanacaq.