Talibandan ABŞ-la bağlı qəribə qərar - “İstədiyini edəcəyik”

17 May 2022 22:13 (UTC+04:00)

Əfqanıstan daxili işlər nazirinin müavini Siracəddin Haqqani amerikalıları düşmən olaraq görmədiklərini və istədiklərini edəcəklərini – ölkənin terrorçuların sığınacağına çevrilməməsini təmin edəcəklərini bildirib.

Teleqraf.com xəbər verir ki, Haqqani ABŞ-ın o zamankı prezidenti Donald Trampın “Əfqanıstandan çəkilmə siyasəti” çərçivəsində 2020-ci ildə imzalanan Doha razılaşmasına əməl ediləcəyini açıqlayıb.

“Əfqanıstan amerikalıları hədəf alan terrorçular üçün sığınacaq olmayacaq. Biz buna imkan verməyəcəyik”, - ölkə rəsmisi deyib.

Haqqani Əfqanıstanda hələ də terror təhlükəsinin olduğunu, lakin bunun digər ölkələr üçün təhlükə yaratmasına icazə verilməyəcəyini söyləyib.

Nazir müavini qızların təhsil hüquqları ilə bağlı suala da cavab verib.

Taliban hökumətinin daxili işlər nazirinin müavini Siracəddin Haqqani sualı belə cavablandırıb:

“Qızlar onsuz da ibtidai məktəbə gedə bilərlər. Orta məktəblərin də açılmasını planlaşdırırıq. Təbii ki, bunu İslam qaydalarına riayət etmək şərti ilə edəcəyik”.