Ərdoğanın etirazından sonra kritik gəlişmə - Plan dəyişdi, bu həftə...

18 May 2022 11:53 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terroru dəstəkləyən İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəyinə sərt reaksiya vermişdi. İki ölkə bundan sonra xarici işlər nazirlərini Türkiyəyə göndərməyi planlaşdırırdı, amma Ərdoğanın açıq etirazından sonra nümayəndə heyətinin səviyyəsi aşağı salınıb.

Teleqraf.com xəbər verir ki, İsveç və Finlandiyanın NATO-ya üzvlük üçün rəsmi müraciət edəcəyi gözlənildiyi vaxt Ərdoğan veto kartını açıb.

Türkiyə lideri ölkəsinə gəlməyə hazırlaşan İsveç və Finlandiya xarici işlər nazirlərinə belə demişdi: “Bizi razı salmağa gəlirlər. Zəhmət çəkib, özlərini yormasınlar”.

Ərdoğanın bu açıqlamasından sonra İsveç və Finlandiya planda dəyişiklik edərək, Türkiyəyə göndərəcəyi nümayəndə heyətinin səviyyəsini aşağı salmaq qərarı verib. Ümumiyyətlə, səfərin olub-olmayacağı və ya nə vaxt baş tutacağı bəlli deyil. Amma məsələ kritik olduğundan iki ölkənin nazir müavinlərini Türkiyəyə göndərəcəyi gözlənilir. Gələn nümayəndə heyəti elə öz həmkarları tərəfindən qarşılanacaq.

Səfərin bu həftə olacağı deyilib. Nümayəndə heyətinin səfərinin iki ölkənin NATO-ya üzvlük müraciətləri rəsmiləşdikdən sonra dəqiqləşəcəyi gözlənilir.