Türkiyə razılıq verməsə, İsveç və Finlandiya NATO-ya üzv ola bilərmi? – Sualın cavabı

18 May 2022 14:13 (UTC+04:00)

İsveç və Finlandiyanın qoşulmaq istədiyi NATO-ya üzvlük normal olaraq uzun proses tələb edir. NATO-nun yeni üzvlərinin, o cümlədən Bosniya-Herseqovina, Gürcüstan və Ukraynanın qəbul edilməsi üçün müxtəlif şərtlər yerinə yetirilməli, hüquqi proses tamamlanmalıdır.

Son illərdə NATO-nun genişlənmə dalğası fonunda bəzi ölkələr alyansa üzv olmaq istədiklərini açıqlasalar da, indiyə qədər bu istəklərinə nail ola bilməyiblər. Bu ölkələr Bosniya-Herseqovina, Ukrayna və Gürcüstandır. 2008-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən NATO sammitində Gürcüstan və Ukraynanın gələcəkdə alyansa üzv olması razılaşdırılıb. Amma bu ölkələrə tarix verilməyib. Bosniya-Herseqovina 2010-cu ildə üzvlüklə bağlı fəaliyyət planına daxil olmaq üçün dəvət edilib.

Finlandiya və İsveç

Nəhayət, iki yeni üzvün NATO-ya qoşulması gündəmə gəlib. Rusiyanın Ukraynaya hücumundan sonra Avropanın təhlükəsizlik arxitekturasındakı gəlişmələrdən təsirlənən Finlandiya və İsveç uzun müddət davam etdirdikləri hərbi neytrallıqlarından əl çəkərək, NATO-ya girmək qərarına gəliblər. Finlandiyanın Rusiya ilə 1500 kilometrlik sərhədi var. İkinci Dünya Müharibəsində SSRİ ilə döyüşən Finlandiya ərazisinin təxminən 10 faizini itirib, əhalisinin 11 faizini köçürüb və bugünkü tariflərlə müharibə təzminatı üçün təxminən 5 milyard avro ödəyib.

Gizli anlaşma

Ağır itkilərdən sonra Finlandiyanın Sovet İttifaqı ilə razılaşması ölkənin uzun müddət davam edən neytral mövqedə qalması ilə nəticələndi. SSRİ-nin dağılmasından sonra Avropa Birliyinə üzv olan Finlandiya NATO-ya qoşula bilməyob. Uzun illər Finlandiya əhalisinin yalnız 20 faizi NATO-ya üzv olmaq istəyib. Amma Rusiyanın Ukraynaya hücumundan sonra finlərin 70 faizi NATO üzvlüyünü dəstəkləyir.

İsveç də Finlandiyadan sonra NATO-ya üzvlük üçün müraciət etmək qərarına gəlib. 1809-cu ildə Rusiya ilə vuruşan və Finlandiyanı Rusiyaya uduzan İsveç 200 ildən çoxdur ruslarla döyüşmür. İsveç İkinci Dünya Müharibəsi və “soyuq müharibə” illərində neytral qalıb. Amma ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edvard Snoudenin açıqladığı sənədlərdə İsveçin 1950-ci illərdə ABŞ-la gizli razılaşma əldə etdiyi üzə çıxıb. Buna görə, İsveç Rusiya tərəfindən hücuma məruz qalacağı təqdirdə, ABŞ ona yardım edəcək.

NATO-ya qoşulma prosesi

NATO “açıq qapı” siyasəti aparır. Bu siyasət alyansın təsis müqaviləsinin 10-cu maddəsinə əsaslanır. Bu bənddə bildirilir ki, təsisçi Vaşinqton Müqaviləsinə üzv olan ölkələr Şimali Atlantika regionunun təhlükəsizliyinə töhfə vermək üçün istənilən Avropa ölkəsini alyansa qoşulmağa dəvət edə bilərlər. Ancaq bir ölkənin NATO-ya daxil olması üçün yekdil razılıq, yəni mövcud 30 müttəfiq ölkənin hamısının təsdiqi lazımdır.

Yeddi addım

NATO-ya üzvlük adətən uzun proses tələb edir. Bunun üçün çoxmərhələli prosesin tamamlanması tələb olunur. Müvafiq olaraq, NATO üzvlərinin yekdil qərarı olduqda, alyans həmin ölkəyə rəsmi dəvət göndərir. Bundan sonra 7 mərhələli iştirak prosesi başlayır.

Həmin addımlar bunlardır:

Birinci mərhələdə NATO mütəxəssisləri və dəvət olunan ölkənin nümayəndələri Brüsseldə bir araya gələrək danışıqlar aparırlar. Belə görüşlərdə dəvət olunan ölkənin NATO-nun siyasi, hüquqi və hərbi tələblərinə cavab verib-verməməsi, alyansa üzvlüyünün iqtisadi, hərbi, hüquqi, siyasi və kəşfiyyat öhdəliklərini yerinə yetirə bilib-bilməməsi müzakirə olunur. Bu danışıqlara əsasən, dəvət edilən ölkənin NATO şərtlərinə və standartlarına uyğun islahatlar aparıb-yaratmayacağı müəyyənləşir.

İkinci mərhələdə dəvət olunan ölkə NATO-nun baş katibinə rəsmi niyyət məktubu göndərir və alyansa üzvlüklə bağlı öhdəlikləri qəbul etdiyini bəyan edir. Əgər islahatlar aparılacaqsa, bu məktubda islahatların tarixi də göstərilir.

Üçüncü addımda NATO Vaşinqton Müqaviləsinə əlavə qoşulma protokolları hazırlayır. Beləliklə, alyansın təsis müqaviləsi müəyyən mənada yenilənir. Bu protokollar NATO ölkələri tərəfindən imzalanır.

Dördüncü mərhələdə protokollar NATO-ya üzv dövlətlər tərəfindən öz yerli qanunlarına və prosedurlarına uyğun olaraq ratifikasiya edilməlidir. Təsdiqləmə prosesi ölkədən ölkəyə fərqlidir. Məsələn, ABŞ-da təsdiq üçün Senatın üçdə ikisinin səsi tələb olunur, Böyük Britaniya parlamentində isə rəsmi səsvermə tələb olunmur.

Beşinci addımda bütün üzv dövlətlər ratifikasiya prosesini başa vurduqdan sonra Vaşinqton Müqaviləsini qoruyan ABŞ-a yeni üzvün qoşulmasını nəzərdə tutan protokolları qəbul etdikləri barədə bildiriş göndərirlər.

Altıncı mərhələdə bütün bu mərhələlər tamamlandıqdan sonra NATO-nun baş katibi yeni üzvü alyansa qoşulmağa dəvət edir.

Yeddinci addımda yeni üzv daxili hüquqi prosesini tamamlayır və üzvlük sənədini Vaşinqton Müqaviləsini qoruyan ABŞ-a təqdim edir və NATO üzvü olur.

Mənbə: “Anadolu”