“Bu halda Türkiyə NATO-da veto hüququndan istifadə etsin” - Rüstəm Məmmədov

18 May 2022 17:15 (UTC+04:00)

“Türkiyə hazırda öz maraqlarından çıxış edir. Rusiya ilə əlaqələrin olması Türkiyənin marağındadır. Çoxları Türkiyənin İsveç və Finlandiya ilə bağlı yanaşmasını Rusiya konteksindən qiymətləndirir. Məncə, bu, tamamilə yanlış hərəkətdir”.

Teleqraf.com xəbər verir ki, bunu professor Rüstəm Məmmədov Türkiyənin ABŞ, Avropa və Rusiya siyasətini şərh edərkən bildirib.

O qeyd edib ki, əslində Rusiya İsveç və Finlandiyaya qarşı nüvə silahı işlədə və bununla da III Dünya Müharibəsinin başlanmasına səbəb olar: “Əlbəttə, belə davranış bəşəriyyətin sonunu gətirər. Aydındır ki, Türkiyə bunun baş verməsini istəmir. Amma bu o demək deyil ki, Ankaranın Finlandiya və İsveçlə bağlı davranışı Rusiyaya görədir. Bəli, Türkiyənin öz maraqları var. Məsələn, Türkiyə istəyir ki, Rusiya stabil dövlət kimi qala bilsin. Sözsüz ki, Rusiya gücünü itirdikdən sonra təhlükəli mənbəyə çevrilə və bu, Türkiyəyə də təsir göstərə bilər”.

Rüstəm Məmmədov vurğulayıb ki, konkret olaraq Türkiyənin Finlandiya və İsveçin NATO-ya qəbul olunması prosesinə isti baxmamasına səbəb bu ölkələrin özü ilə əlaqəlidir. Onun sözlərinə görə, hər iki ölkə Türkiyə daxilində separatizmlə məşğul olan şəxslərə qapılarını açır: “Yəni ortada PKK, PYD məsələsi var. Türkiyədə deyir ki, mənə problem yaradan, ölkəmdə cinayət törədənlərə qucaq açmağı dayandırın, cinayətkarları geri verin. Açığı, mən güman etmirəm ki, Finlandiya və İsveç Ankaranın bu tələblərini yerinə yetirəcək. Bu ölkələr Rusiya ilə konfrantasiyaya gedəcək”.

Mütəxəssis deyib ki, əgər Türkiyənin narahatlıqları tanınıb istəkləri nəzərə alınmasa, bu halda Ankara NATO daxilində veto hüququndan istifadə edə bilər: “Belə hüquqdan istifadə olunmalıdır. Bundan sonra siyasi bazarlaşma mümkündür. NATO-ya daxil olmaq üçün 100 faizlik səs lazımdır. Türkiyə səs verməsə prosesini dayandıra bilər. Bunun qarşılığında İsveç və Finlandiya Türkiyənin tələblərinə yenidən baxmalıdır. Türkiyə bu davranışı ilə Avropada PKK-nın yerini dar edə bilər. Burada ədalətli tərəf Türkiyədir”.