Putinin təhlükəli planı - Azərbaycan təklənə bilər/Şərh

18 May 2022 19:19 (UTC+04:00)

“Nikol Paşinyan siyasətdən uzaq adamdır, fikirlərini tez-tez dəyişir. Xüsusilə, Moskvaya səfər etdikdən sonra. Bu dəfə də elə oldu. Paşinyan Qarabağın "statusu" məsələsini gündəmə gətirir. Yəni Ermənistanın altı tələbindən sonra yeddincisi ortaya çıxır. Əvvəl Qarabağdakı ermənilərə təhlükəsizlik qarantiyası istəyirdilər. İndi bunu genişləndirərək "status" məsələsini qabardırlar. Azərbaycan Prezidenti bu məsələyə birmənalı yox deyib. Status bundan sonra olmayacaq. Başqa sözlə, Azərbaycan federallaşa bilməz”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloq ehtimal edir ki, əslində bu, Rusiyanın hərbi və siyasi elitasının bir hissəsi tərəfindən irəli sürülən variantdır:

"İndi Rusiya özünün Ukraynadakı uğursuzluğunu sığortalamaq istəyir. Eyni zamanda Rusiyada hakimiyyətdə olan hərbi elita gələcəyi üçün zəmanət axtarışındadır. Ona görə də, bu qüvvələr çalışırlar ki, ermənilər sərsəm ideyalar haqqında düşünsünlər və danışsınlar. Beləcə Rusiyanın Qafqaza tam nəzarəti məsələsi gündəmə gəlsin. Amma Azərbaycanın maraqlarını qoruyan güclü lideri var və bütün addımları hesablayaraq atır”.

Cümşüd Nuriyev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvada keçirilən zirvə toplantısında Rusiya Prezidenti Putinin çıxışını şərh edərkən bildirib ki, şəxsən onun özü bundan narahat olub:

“Prezident Putin çıxışı zamanı qeyd etdi ki, MDB-nin üzvü olan ölkələr KTMT-yə üzv olmalıdır. Məncə, digər ölkələri hansı statusla ora qəbul etmələri boş şeydir. Yəni burada status məşvərətçi səs hüquqlu statusla iştirak etmək işin formal tərəfidir. Azərbaycan hər hansı bir hərbi bloka qoşulsa, biz təklənə bilərik. Odur ki, MDB üzvlərinin KTMT-yə sürükləməklə Rusiya SSRİ-ni bərpa etmək məqsədi güdür. Çünki onların planına görə, 2024-cü ilə qədər SSRİ qurulmalıdır. Onlar bunu etmək istəyirlər. Buna qarşı çıxanlar isə Putini yıxmağa çalışır. Biz deyə bilmərik ki, belə bir hal baş verə bilər. Amma hətda belə fikirlərin səslənməsi qorxuludur. Üstəlik bundan sonra Paşinyanın fərqli danışması göstərir ki, bütün bunlar təsadüfi deyil, əvvəlcədən planlaşdırılıb. Rusiya yenə də ambissiya iddialarından əl çəkmir”.