Moldovanın bölgəsində hərbi fəallıq artır – “Hücum ola bilər”

18 May 2022 17:42 (UTC+04:00)

Ukrayna Dövlət Sərhəd Xidməti Rusiyanın Moldovanın Dnestryanı bölgəsindən bu ölkəyə təcavüzü artırmaq üçün istifadə edə biləcəyini istisna etmir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko məlumat verib.

Onun sözlərinə görə, Moldova ilə sərhəddə və Dnestryanı istiqamətində vəziyyət gərgin olaraq qalır, amma durum son vaxtlar ciddi şəkildə dəyişməyib.

“Xoşbəxtlikdən sərhəd xəttində vəziyyəti gərginləşdirmək cəhdləri və ya sərhədi yarmaq cəhdləri qeydə alınmır. Təbii ki, Dnestryanıdan məlumatlar gəlir. Spekulyasiyalara baxmayaraq, Ukrayna aqressiv addım atmır”, - Demçenko bildirib.

O, Ukraynanın ancaq özünü müdafiə etdiyini vurğulayıb:

“İstisna etmirik ki, Rusiya nə vaxtsa ölkəmizə qarşı aqressiyasını artırmaq üçün bu istiqamətdən istifadə edə bilər, amma hazırda vəziyyət nəzarət altındadır”.