34 fransız diplomat ölkədən çıxarılır

18 May 2022 18:09 (UTC+04:00)

Fransanın Moskvadakı səfiri Pyer Levi etiraz notası təqdim etmək üçün Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu, Fransa hakimiyyətinin 41 rus diplomatını persona-non-qrata elan etmək barədə əvvəlki qərarına cavabdır. Rusiya Xarici İşlər Nazirliyi öz bəyanatında Fransanın bu addımının Rusiya-Fransa münasibətlərinə ziyan vurduğunu qeyd edib.

“Cavab olaraq Fransanın Rusiyadakı diplomatik qurumlarının 34 əməkdaşı persona non-qrata elan edilib. Onlara səfirə müvafiq notanın verildiyi tarixdən etibarən iki həftə ərzində Rusiya ərazisini tərk etmək tapşırılıb”, - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Kommersant”ın daha əvvəl xəbər verdiyi kimi, İspaniya səfiri Markos Qomes Martines də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona da cavab tədbirlərinin eyni şəkildə elan ediləcəyi gözlənilir.

Rusiya qoşunlarının Ukraynadakı hərbi əməliyyatına cavab olaraq Qərb ölkələri rus diplomatlarını öz ölkələrindən çıxarıb. Aprel ayında Fransa Rusiya diplomatik missiyasının onlarla əməkdaşını ölkədən çıxarıb. Rusiya bu cür tədbirlərə adekvat avab verəcəyini vəd edib.