Şirvan sakinlərinin müraciətləri yerindəcə həll edildi

19 May 2022 19:37 (UTC+04:00)

“Şirvan şəhəri və tabeliyində olan Bayramlı və Hacıqəhrəman qəsəbələrində qazlaşma səviyyəsi 100 faiz təşkil edir. Buna baxmayaraq, biz sizlərlə yenidən görüşərək qaz təsərrüfatına dair üzləşdiyiniz hər hansısa probleminiz varsa, səsləndirməyiniz üçün şərait yaradırıq. Çəkinmədən bütün problemlərinizi rahat şəkildə bildirməyinizi sizdən xahiş edirik”.

Teleqraf.com xəbər verir ki, bu sözləri SOCAR ”Azəriqaz” İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev Şirvan şəhərində vətəndaşlarla keçirilən görüş zamanı bildirib.

Şirvan şəhər sakini Cəlil Haxiəliyev yaşadığı məhəllədə küçə qaz xəttinin olduğunu, yalnız sonradan inşa olunan fərdi yaşayış evlərində təbii qaz olmadığını bildirərək, yeni yaşayış massivinin təbii qazla təmin olunmasını xahiş edib. Seyidməmməd Əsgərov isə istehlak olunun təbii qaza görə yaranan debitor borc səbəbindən qaz təminatının dayandırıldığını qeyd edərək, hissə-hissə ödəniş etməklə qaz təchizatının bərpa olunmasını xahiş edib.

Salyan Regional qaz istismarı İdarəsinin rəisi Azər Musayev yaranan borcun mərhələli şəkildə ödənilməsi şərti ilə qaz təchizatının bərpa olunmasına dair yerindəcə göstəriş verib. Digər çıxış edənlər Şirvan şəhərində qaz təchizatı ilə bağlı heç bir problemin olmadığını bildirərək, Birlik rəhbərinə təşəkkür ediblər. Görüşdə Birlik rəsmilərilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri də iştirak ediblər. Məlumat üçün bildirək ki, “Açıq mikrofon” aksiyası çərçivəsində bu gün təşkil olunan görüş vətəndaşlarla sayca 31-ci, ümumilikdə isə 67-ci görüşdür.