Bakıda Madonun yeni filialı açıldı- Foto/Video

19 May 2022 21:14 (UTC+04:00)

Bu gün Yasamal rayonunda "Mado" restoranlar şəbəkəsinin daha bir filialının açılış mərasimi keçirilib. Musavat.com xəbər verir ki, açılış mərasimində Türkiyənin səlahiyyətli nümayəndə heyəti, millət vəkilləri və media nümayəndələri iştirak ediblər.

Tədbirdə ilk olaraq Türkiyənin Kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı və "Mado" brendinin qurucusu Mehmet Kanburun iştirakı ilə açılış lenti kəsilib.

"Baku Mall" ticarət mərkəzinin I mərtəbəsində yerləşən restoran əsasən ailəvi istirahət üçün nəzərdə tutulub.

"Mado" brendinin qurucusu, "Mado" Dondurmalar İdarə Heyətinin sədri Mehmet Kanbur "Yeni Müsavat" a açıqlamasında bir sıra məqsədlərindən söz açıb:

"Azərbaycanlılar bizim qardaşlarımızdır. Fərqli bir ölkənin insanları deyilik. Biz iki dövlət bir millətin parçasıyıq. Ziyarətə gəlişimizin səbəbi də budur. Anadoluda bir adət var, "Bizdə bişər, sizə də düşər". Orada bişirdik, sizə də gətirdik. Yardımçı olmaq, Azərbaycanın gücünə güc qatmaq, dəstək olmaq bizim qayəmizdir. Azərbaycanla bərabər 40 ölkədə yerimiz var. Amma Azərbaycanın bizim üçün ayrı bir özəlliyi var. Yalnız ticarət əlaqəsi deyil, həm də bir dost olaraq yanınızdayıq".

Açılış mərasiminin sonunda tədbir iştirakçılarına restoranın təamları da təklif edilib.