Rusiya bu iki ölkəyə hücum etsə, NATO nə edəcək? - Suala cavab gəldi

20 May 2022 11:59 (UTC+04:00)

NATO hərbi komitəsinin rəisi admiral Rob Bauer İsveç və Finlandiyanı məyus edən açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Bauer iki ölkə hələ NATO-ya üzv olmadıqları üçün mümkün hücum durumunda alyansın heç bir cavab verməyəcəyini deyib.

NATO-ya üzv olmaq üçün müraciət etmiş İsveç və Finlandiyaya təhlükəsizlik zəmanəti verilib-verilməyəcəyi ilə bağlı sualı cavablandıran Bauer üzvlük üçün müəyyən bir prosedur və iki ölkənin üzv olması üçün 30 müttəfiqin razılığının vacibliyini xatırladıb.

Onun sözlərinə görə, NATO-ya üzv olmaq üçün müraciət etmiş Finlandiya və İsveçə üzv olana qədərki müddət ərzində verilə biləcək təhlükəsizlik təminatları alyansın nizamnaməsinin 5-ci maddəsində göstərildiyi kimi ola bilməz. Yəni bu, bütün NATO-ya hücum kimi qiymətləndirilməyəcək.

“Bu müddət ərzində iki ölkənin təhlükəsizlik zəmanətlərinin olması vacibdir. Bu təminatlar 5-ci maddədəki kimi deyil, çünki hər iki ölkə hələ üzv deyil. Hamımızın bildiyi kimi, bəzi ölkələr Finlandiya və İsveçlə onlara təhlükəsizlik zəmanətləri vermək üçün razılaşıb”, - admiral bildirib.