İrəvandakı mitinqlərdə anti-türk atmosferi – Erməni nəşrindən şok etiraf

20 May 2022 16:18 (UTC+04:00)

Ararat və Şirak sakinlərini “türk yetimləri” adlandıran Armen Qriqoryan öz çıxışlarında, xüsusən də hökumətə və onun tərəfdarlarına müraciət edərkən “türk” sözünü işlədən yeganə müxalif deyil. Müxalifət həmin sözün yaratdığı mənfi assosiasiyaları - təhdid, qorxu, təşviş, cinayət, qırğın, soyqırımı, qan və s. manipulyasiya etməklə xalqın özünümüdafiə reaksiyasını təhrik etməyə çalışır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Haykakan Jamanak” qəzetində dərc olunan məqalədə deyilib.

Nəşr Baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyaları keçirən müxalifət liderlərinin Ermənistan cəmiyyətində türklərə qarşı nifrəti körüklədiklərini yazıb.

Məqalədə bildirilib ki, müxalifətin üç həftədir davam edən etiraz aksiyalarında Türkiyə əleyhinə mesajlar verilir:

“Hərəkatın marşında da türklərə qarşı nifrət və qisasçılıq mesajları var. Hərəkatın şüarlarından biri Ermənistanın türkləşməsinin qarşısını almaqdır. Onların iddialarına görə, türkləşmə Ermənistanın Türkiyədən siyasi, təhlükəsizlik, iqtisadi və digər sahələrdə asılılıq durumudur. Müxalifət bunun erməni dövlətini dağıdacağını iddia edir.

Qəribədir ki, Türkiyə əleyhinə aksiyaların liderləri Türkiyə ilə münasibətlərin normallaşmasının tərəfdarıdırlar və indiki iqtidar da eyni prosesə rəhbərlik etməyə çalışır. Amma özləri iqtidara “türkləşmə”, “soyqırımı inkar” kontekstində və digər məntiqsiz ittihamlar kontekstində baxır”.

Məqalədə bildirilib ki, sabiq deputat Armen Qriqoryanla yanaşı, bəzi indiki və keçmiş millət vəkillərinin də “türk” ifadəsinə qarşı xüsusi zəiflikləri var:

“Onların ictimaiyyətə hesablanmış çıxışları çox vaxt normativ lüğətdən kənarda qalır. Bu arada, bu cür sözlərin müəllifləri öz siyasi rəqiblərini də nifrətlə hədəfə alırlar. Onlar “Vətəndaş Müqaviləsi”nə səs verən 680 minə yaxın vətəndaşı “türk” adlandırırlar.

Dövriyyədə olan təhqir və nifrət dolu yazılar media siyasətimizə zidd olsa da, buna baxmayaraq, bəzi millət vəkillərinin “türk” sözünün nifrətlə işləndiyi çıxışlarından bəzilərini sitat gətiririk.

Keçmiş hakim partiya Respublikaçının üzvü Armen Aşotyan bu sözün işlədilməsində danılmaz “çempion”dur. Amma partiyası iqtidarda olanda “türk” sözündən ehtiyatla istifadə edirdi. Məsələn, 2008-ci ildə Ermənistan-Türkiyə prosesi haqqında bunu demişdi: “Ermənistan Türkiyəyə sabit inkişaf edən və dost qonşu olmaq istəyir, münasibətlərin bu məcrada inkişafında maraqlıyıq”.

Keçmiş təhsil naziri Aşotyan vəzifəsindən uzaqlaşdırıldıqdan sonra hazırkı baş nazir və digər dövlət rəsmilərinin ünvanına “türk” sözünü təmtəraqla səsləndirir. Onlar haqda “türklər övladlarımızın qanını satır”, “türk casusu”, “türk abortları”, “türk kuklası”, “türk yetimi”, “Türkiyənin ayağının altında sürünən”, “içimizdəki türk” və s. kimi ifadələr işlədib.

Respublikaçının digər üzvü Eduard Şarmazanov da “türk” sözünü işlətməkdə partiyadaşından geri qalır. “Türklərin əlaltısı”, “türklərin qarşısında diz çökən”, “əyriboyun türklərə təslim olan”, “türklərin qarşısında baş əyən türk” – bu ifadələr də ona məxsusdur. Bu günlərdə Şarmazanov saytlardan birinə müsahibəsində “Yolları bağlayırıq ki, sabah türklər evinizi bağlamasın” demişdi. Dünən isə Feysbukda “türksüz Ermənistan” ifadəsini yazmışdı.

10 noyabr bəyanatından sonra “Hayastan” blokunun üzvü Artur Qazinyan “Antares” nəşriyyatının direktoru Armen Martirosyanın postunun skrinşotunu sosial şəbəkədə hesabında paylaşaraq yazmışdı: “Türkiyə və Azərbaycanın agentləri xalqın təbəssümünü oğurlayır”.

Eyni zamanda, qeydlərində “Türkü sevmək, türk üçün döyüşmək, ərazilər vermək”, “Nikol Ermənistanı dövlət deyil, türk hersoqluğudur” ifadələrinə yer vermişdi.

Sözügedən blokun digər üzvü Qeqam Manukyan isə bu sözlərdən istifadə edib: “Nikolun türk muzdluları”, “Türk millətçiləri artıq Ərdoğandan sonra Nikola yardım edirlər”.

“Hayastan” blokundan olan jurnalist Aqnesa Xamoyan hakim fraksiyanın qadın deputatlarından birinə müraciət edərək yazıb: “Bu, nə türk sevgisidir? Get türk dostlarınla ​​yaşa”.

Onun fikirlərində əks olunan sözlərdən biri də “türk türk olaraq qalır” ifadəsidir. Xamoyan başqa deputatın fotosunu “Türk agentlərindən zövq alın” qeydi ilə paylaşıb.

“Hayastan” blokundan olan Tatul Krpeyanın qızı Aspram Krpeyan 2021-ci il növbədənkənar seçkilərin ertəsi günü öz Feysbuk səhifəsində yazmışdı: “Türk qalib gəldi. Bu, sadəcə reallıqdır - bu qələbə türk xalqına məxsusdur”.

Asprama görə, indiki hakimiyyəti seçən təxminən 680 min vətəndaş türkdür.

Yeri gəlmişkən, seçkilərdən bir gün sonra oxşar qeydi Şirak yeparxiyasının primatı, arxiyepiskop Mikael Ajapaxyan da yazıb. O da indiki hakimiyyətə səs verənləri “türk” adlandırıb”.