Tullantıdan sənət əsərinə çevrilən əşyalar... - Layihə

20 May 2022 16:42 (UTC+04:00)

Tullantıların həcminin azalmasına xidmət edən "ATMA-YARAT-SAT" adlı sosial layihənin keçirilməsi nəzərdə tutulur.

Bu barədə Teleqraf.com-a “Azərxalça”ASC-dən məlumat verilib.

Qeyd olunur ki, tullantılar müasir dövrdə ekoloji problemlərin artmasına təsir göstərən amillərdən biri hesab edilir. Hazırda təbii ehtiyatların azalması, xammala olan tələbatın isə çoxalması təkrar emal zərurətini yaradır. Artıq dünyanın bir çox ölkələrində yaşıl iqtisadiyyat və yaşıl artım hədəfləri müəyyənləşdirilib.

Hazırda tullantıların düzgün idarə olunması ilə bağlı bir çox layihələr və yaradıcı yanaşmalar tətbiq etməklə insanların diqqətini ətraf mühitin mühafizəsinə çəkmək geniş yayılmış təcrübələrdəndir.

Yaradıcı insanlar tərəfindən lazımsız hesab edilən əşyaların gözəl sənət əsərlərinə çevrilərək zövq oxşaması tullantılara qarşı münasibəti dəyişməklə müəyyən səviyyədə ətraf mühitin çirklənməsinin qarşısını alır. Tullantıların həcminin azalmasına xidmət edən bu prosesə dəstək vermək məqsədi ilə "ATMA-YARAT-SAT" adlı sosial layihənin keçirilməsi nəzərdə tutulur. Layihə əsasən Vətən müharibəsində iştirak edərək sağlamlığını itirən və digər kateqoriyadan əlilliyi olan yaradıcı insanları əhatə edəcək.

“Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərxalça”ASC, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə baş tutacaq növbəti "ATMA-YARAT-SAT" sosial layihəsi əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasına xidmət edəcək.

Mayın 21-də saat 11:00-da “İçərişəhər” Tarix-Memarlıq Qoruğu ərazisində (Qoşa Qala qapısı) keçiriləcək layihə çərçivəsində iştirakçıların müxtəlif əl işləri nümayiş olunacaq və satışı təşkil ediləcək. Əldə olunacaq vəsait onların sosial vəziyyətinin yaxşılaşdırılmasına və iş imkanlarının genişləndirilməsinə şərait yaradacaq. Bir sıra dövlət qurumlarının və təşkilatların dəstək verdiyi "ATMA-YARAT-SAT" sosial layihəsinin ənənəvi olaraq davam etdirilməsi nəzərdə tutulur.