Baydenin məktubunda diqqətçəkən məqam

21 May 2022 10:45 (UTC+04:00)

ABŞ Prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda ölkəmizin regiondakı rolunu aydın şəkildə ifadə edən, iki ölkə arasında münasibətlərin gələcəyini şəkilləndirən, eyni zamanda Azərbaycanın indiki mürəkkəb dövrdə dünya dövlətləri içərisində tutduğu mövqeni ortaya qoyan açıq mesajlar yer alıb.

Baydenin təbrikində ilk olaraq ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində keçdiyi yola diqqət yönəldilib. Belə ki, enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığın tarixin mühüm anında öz bəhrəsini verdiyi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynadığı vurğulanıb.

Bu, ABŞ Prezidentinin müstəqillik dönəmində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa verdiyi yüksək dəyərdir. Digər tərəfdən, bu, Azərbaycanın enerji resurslarının Avropa və dünya bazarlarına çıxışının təmin olunmasında önəmli rol oynamasına edilən əhəmiyyətli vurğudur. Söhbət ondan gedir ki, hazırda Azərbaycan Avropanın enerji şaxələndirilməsinə verdiyi xüsusi töhfə ilə daha çox diqqəti cəlb edir və ABŞ Azərbaycanın bölgədə artan önəmini yaxşı anlayır. Rusiya-Ukrayna münaqişənin doğurduğu reallıqları yaxından izləyən ABŞ-ın bölgədə nüfuzu daha da artan ölkəmizlə həm enerji, həm də təhlükəsizlik məsələlərinin həllində ortaq maraqları mövcuddur və Baydenin məktubundakı məqam bu məsələlərin birgə həllində Amerikanın siyasi iradəsinin ortaya qoyur.

Məktubda daha sonra Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstəyin, humanitar yardımının yüksək qiymətləndirilməsi açıq şəkildə ifadə olunub. Bu xüsusda ABŞ Azərbaycanın ərazi bütövlüyünə də dəstəyini bir daha açıq formada ifadə edib. ABŞ Prezidenti vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Birləşmiş Ştatlar Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiqləyir. "Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib ismarıc verir. Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik"-,deyə məktubda bildirilir.

Buradan çıxan nəticə ondan ibarətdir ki, ABŞ Azərbaycanın bir yandan terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələri, eyni zamanda Ukraynaya göstərilən yardımı təqdir edir. Digər yandan, hazırkı dövrdə cərəyan edən proseslərin olduqca mürəkkəb xarakterini nəzərə almaqla, Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiqləyir.

ABŞ-ın regionda yaranan yeni reallığa dəstəyi də Baydenin məktubunda ifadə olunub. Bayden hazırkı vəziyyəti Cənubu Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi qiymətləndirib: "İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır".

Göründüyü kimi, dünyanın super gücü olan ABŞ Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinin bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcəyi qənaətindədir. Bununla yanaşı, Amerika Azərbaycanın sülh təşəbbüslərini dəstəkləyir, iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazır olduğunu bildirir.

Məktubda, həmçinin ABŞ-ın qarşıdan gələn illər və onilliklərdə Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusu ifadə olunub. Bu, Azərbaycana verilən böyük dəyər olamaqla bərabər, Azərbaycan Prezidentinin yürütdüyü siyasətin yüksək qiymətləndirilməsidir. ABŞ fərqindədir ki, regionun geosiyasi dinamikası Azərbaycanın, onun Liderinin fəaliyyəti ilə sıx bağlıdır. Özünün xarici siyasətində regional əməkdaşlığa, təhlükəsizliyə və nəqliyyat-logistik infrastrukturun inkişafına üstünlük verən Azərbaycan Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət sayəsində regional lider kimi mövqeyini möhkəmləndirib və torpaqlarını təkbaşına işğaldan azad edən ölkəmizin yaxın gələcəkdə mövqelərinin daha da güclənəcəyi şübhəsizdir. Bütün bunların həyata vəsiqə qazanmasında dövlət başçımızın şəxsi nüfuzu əsas faktor kimi çıxış edir və ABŞ bu reallığı təsdiqləyir, Azərbaycanla əlaqələrə yüksək dəyər verir. Bütün bunlar ölkəmizin və onun Liderinin dünyada böyük nüfuzundan, Prezidentin gördüyü işlərin, irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada yüksək qiymətləndirilməsindən irəli gəlir.

Beləliklə, ABŞ çəkisi və rolu əhəmiyyətli dərəcədə artan, qlobal iqtisadi və humanitar layihələrin müəllifi və icraçısı olan, öz resursları, iqtisadi rezervləri bahasına istənilən sınaqdan cıxa bilən, müstəqil siyasətə malik güclü Azərbaycanla əməkdaşlığı yeni müstəvidə davam etdirməkdə maraqlıdır.