ABŞ Cənubi Koreya ilə birgə təlimə başlayır - Şimali Koreyaya qarşı

21 May 2022 20:26 (UTC+04:00)

Cənubi Koreya və ABŞ prezidentləri - Yun Sok Yol ilə Cozef Bayden Şimali Koreyanın nüvə-raket təhdidlərinə qarşı birgə hərbi təlimlərin sayının və miqyasının çoxaldılmasına dair müzakirələrə başlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə razılıq Birləşmiş Ştatların dövlət başçısının cənubi koreyalı həmkarı ilə Seulda keçirilən ilk görüşündə əldə olunub. Görüşdən sonra keçirilən mətbuat konfransında Prezident Yun Sok Yol bildirib ki, ABŞ Prezidenti ilə görüşdə müttəfiqlərin Şimali Koreyanın mümkün nüvə hücumuna qarşı hazırlıq üçün müxtəlif formalarda hərbi təlimlərin keçirilməsinə ehtiyacın olmasını geniş müzakirə ediblər.

Görüşün yekununa dair birgə bəyanatda qeyd olunub ki, Cozef Bayden Cənubi Koreyanın müdafiəsi üçün ABŞ-ın nüvə silahından və raketdən müdafiə sistemi də daxil olmaqla bütün müdafiə imkanlarından istifadə etməsi mövqeyinə sadiqliyini bəyan edib.

Tərəflər genişləndirilmiş müdafiə strategiyası və məsləhətləşmə üzrə yüksək səviyyəli qrupun işinin sürətləndirilməsinə dair razılıq əldə ediblər.

Qeyd edək ki, müttəfiqlərin birgə hərbi təlimləri COVID-19 pandemiyası, ondan əvvəl isə sabiq dövlət başçıları Donald Tramp və Mun Ce-inin Şimali Koreya ilə əlaqalərin qurulması cəhdlərinə görə xeyli azalmışdı. ABŞ və Cənubi Koreyanın hərbi təlimlərin müdafiə xarakteri daşımasına dair açıqlamalarına baxmayaraq, rəsmi Pxenyan təlimləri özünə qarşı təhdid kimi qiymətləndirir.

Şimali Koreya isə son vaxtlar özünün nüvə-raket proqramının inkişafına davam edir. Təkcə bu il 16 raket, o cümlədən qitələrarası ballistik raket buraxılış sınağı həyata keçirilib.