12 il səhnəyə qadın qiyafəsində çıxan məşhur xanəndə - Nadir fotolar

23 May 2022 16:50 (UTC+04:00)

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ!” adlı rubrikanın bu dəfəki təqdimatı əməkdar incəsənət xadimi Əhməd Ağdamskiyə həsr olunub.

Teatr muzeyindən Teleqraf.com-a verilən məlumata görə, layihə Prezident İlham Əliyevin 2022-ci ilin ölkədə “Şuşa ili” elan edilməsi haqqında Sərəncamına əsasən həyata keçirilir.

Layihə çərçivəsində muzeyin fondundan aktyorun yaradıcılığına dair bir neçə eksponat təqdim edilib.

Üzeyir Hacıbəylinin doğma xalası oğlu

Peşəkar teatr tariximizdə özünəməxsus yeri olan opera artisti, teatr fədaisi Əhməd Ağdamski kimi tanınan Əhməd Bəşir oğlu Bədəlbəyli 5 yanvar 1884-cü ildə Ağdamda ziyalı ailəsində doğulub.

Məşhur Bədəlbəyli nəslindən olan Əhməd bəy eyni zamanda dahi bəstəkar Üzeyir Hacıbəylinin doğma xalası oğludur. Hələ uşaq yaşlarından xalq mərasim tamaşalarında iştirak edən Ə.Ağdamskinin sənətə olan böyük marağı onu teatra gətirib çıxarır. Səhnə fəaliyyətinə “Nicat” xeyriyyə cəmiyyətinin teatr truppasında başlasa da, sonralar həm də “Səfa” mədəni-maarif cəmiyyətinin truppasında, Hüseynqulu Sarabskinin “Müsəlman opera dəstəsi”ndə və “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti”ndə aktyorluq edib.

Lirik tenor səsə, məlahətli və geniş diapazonlu ifa bacarığına malik olması və milli aktrisaların yoxluğu ucbatından əsasən opera və operettalarda qadın rollarını ifa etməklə böyük şöhrət qazanıb.

Əhməd Ağdamskinin səhnə adı niyə “Miri” olub?

XIX əsrin sonu XX əsrin əvvəllərində ölkəmizdə cəhalətin hökm sürdüyü bir dövrdə müsəlman qadınların səhnəyə çıxması qadağan idi.

Qeyri millətlərdən olan qadın aktrisalar isə ana dilimizi səlis bilmirdilər və bəzən inciyib tamaşanı yarımçıq qoyub gedirdilər. Bu səbəbdən qadın rollarında kişi aktyorlarımız səhnəyə çıxmaq məcburiyyətində qalırdılar.

İlk müsəlman operası olan “Leli və Məcnun”da da elə bu hal baş verdi. Leyli rolunda ilk dəfə aşpaz şagirdi Əbdürrəhman Fərəcov, ardınca isə sonralar opera tariximizdə adı əbədi qalan Əhməd Ağdamski çıxış etdi.

Premyeradan sonra Əbürrəhman Fərəcov qadın rolunu oynamaqdan imtina etdiyindən Üzeyir bəy Leyli obrazı üçün yenidən aktyor axtarışına çıxır. Həmin vaxt Əhməd bəy “Realnı” məktəbində təhsil alırmış. Bu təhsil ocağının qaydalarına əsasən tələbələrin teatrda oynaması, həmçinin axşam tamaşalarına baxması üçün belə xüsusi icazə olmalıydı.

Əhməd bəy üçün bu icazə alınır və o, Leyli rolunu oynamağa razılaşır. Lakin xurafatın, nadanlığın mövcud olduğu bir zamanda Əhməd Bədəlbəyli təhqirlərə məruz qalmamaq üçün ictimai qınaqdan çəkinərək tanınmasın deyə bütün sənədlərdə adını “Miri” yazdırır.

Dövrün qəzetlərində, tamaşaların proqramlarında Leyli rolunu ifa eləyən şəxs kimi “Miri” adlı birini göstərirlər. Ancaq sonradan Əhməd Bədəlbəyli “Ağdamski” təxəllüsünü götürərək şəxsiyyətini aşkar edir.

Aktyorun Leyli rolunda çıxışı Üzeyir Hacıbəylinin o qədər xoşuna gəlir ki, sonralar o, bəstəkarın əsərlərində baş rolların ifaçısına çevrilir.

(Ü.Hacıbəyli “Rüstəm və Söhrab” / Tağıyev Teatrı, 1910-cu il. / Söhrabın anası Təhminə - Əhməd Ağdamski)

12 il səhnəyə qadın qiyafəsində çıxır

Əhməd Ağdamskinin oynadığı qadın rolları xarakter etibarilə bir-birindən fərqlənirdi. O bu obrazların hər birini tamam ayrı səpkidə canlandırır, tək oyun tərzini deyil, hətta səsini belə dəyişdirirdi.

“Kürdü-Şahnaz”, “Rast”, “Bayatı-Şiraz”, “Şur”, “Bayatı-Kürd” kimi mürəkkəb muğamları, Leyli, Gülçöhrə, Şahsənəm kimi obrazların ariyalarını oxuması bunun isbatıdır.

Aktyor düz 12 il səhnəyə qadın qiyafəsində çıxır. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Ər və arvad”, “Rüstəm və Söhrab, “Şah Abbas və Xurşid-Banu”, Zülfüqar bəy Hacıbəylinin “Aşıq Qərib” opera və operettalarında Leyli, Əsli, Gülnaz, Gülçöhrə, Minnət, Təhminə, Xurşid-Banu onun əsas rolları sırasına daxildir.

O, hətta 1916-cı ildə səssiz olaraq lentə alınan “Arşın mal alan” tammetrajlı bədii filmində Gülçöhrə roluna da çəkilib.

Aktyor XX əsrin 20-ci illərinin əvvəllərində doğma vətəninə - Qarabağa qayıdaraq Ağdamda teatr truppası yaradıb. Bir çox tamaşaların rejissoru olmaqla yanaşı həm musiqili, həm də dram əsərlərində bir xanəndə-aktyor kimi də çıxış edib. 1934-cü ildə Ağdaşa köçüb və burada ömrünün sonunadək pedaqoji fəaliyyətlə məşğul olub.

Əhməd Ağdamski 1954-cü il 1 aprel tarixində Ağdaş rayonunda vəfat edib.

(Əhməd Ağdamski sənət dostları ilə. Sağdan: Əhməd Ağdamski, Hüseynqulu Sarabski və Mirzəağa Əliyev)