Bakıda 3 nəfərin ölümünə səbəb olan şəxsin işi – Məhkəmədə

25 May 2022 09:30 (UTC+04:00)

Bakıda yol qəzasında üç nəfərin ölümünə səbəb olmaqda təqsiləndirilən Firudin Əsədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əhməd Quliyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə bu ilin yanvarında Binəqədi rayonunda baş verib.

Bakı şəhər sakinləri - F.Əsədovun idarə etdiyi “Hyundai” və Elşən Eyvazovun idarə etdiyi “VAZ-2109” markalı avtomobillər toqquşub. Nəticədə E.Eyvazov və sərnişinləri - Xanəhməd Əlibəyov və Zaur Həsənov hadisə yerində ölüb.

Digər bir sərnişin isə təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

F.Əsədova qarşı Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, F.Əsədovun idarə etdiyi avtomobil “Səba” ASC-yə məxsus olub.