“Paşinyan hakimiyyətdən gedə bilər, amma..." - Norikyan

25 May 2022 14:12 (UTC+04:00)

Ermənistanın parlament müxalifəti hakimiyyət üçün təhlükə yarada biləcək qüvvə deyil. Bu müxalifət növbəti iqtidar olmaq iddiasında ola bilməz. Onlar hər gün uğursuzluğa düçar olurlar, çünki xalqın hərəkat liderlərinə inamı yoxdur ki, bu da ən vacib məsələdir.

Teleqraf.com xəbər verir ki, “Ədalətli Ermənistan” partiyasının lideri Norayr Norikyan deyib.

Onun sözlərinə görə, xalq vaxtilə hakimiyyətdə olmuş müxalifət liderlərinin iqtidarı dövründə Ermənistanda baş verənləri görüb:

“İkinci məsələ, onların siyasi gündəminin olmamasıdır. Onlar hakimiyyəti ələ keçirəcəkləri təqdirdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində hansı addımları atacaqlarını heç bir şəkildə göstərmirlər. Bu, ictimai inamı olmayan, sadəcə “Fransa” meydanını zəbt edən, başsız və mənasız mübarizədir. Bu vəziyyətdən necə çıxacaqlarını bilmirlər”.

Norikyanın fikrincə, erməni müxalifəti fiasko yaşayır, mübarizə nə qədər mənasızlaşırsa, davranışları da bir o qədər aqressivləşir:

“Dalana dirəniblər, çıxış yolunu təxribatlarda, situasiyanı gərginləşdirməkdə görürlər. Qan tökülməsini istisna etmirəm, bununla da manipulyasiya etməyə çalışa bilərlər. Cəmiyyətimiz ayıq-sayıq olmalı, hakimiyyət də üzərinə düşən vəzifələri yerinə yetirməlidir”.

Partiya sədri müxalifətin Azərbaycanla sülh gündəmi ilə razılaşmamasına da toxunub:

“Onların yeganə məqsədi hakimiyyəti ələ keçirməkdir. Həmin platformadakı siyasi qüvvələrin “xəyanət”dən, Türkiyə ilə münasibətlərdən danışması təhqirdir. 2008-ci ildə “futbol diplomatiyası” kursu keçən siyasi qüvvə bu gün Türkiyə ilə münasibətlərin normallaşmasının mümkünsüzlüyündən danışır. Xalqa qarşı vicdanlı olmamaq əxlaqsızlıqdır”.

Norikyan qeyd edib ki, Nikol Paşinyan əbədi olaraq Ermənistan hökumətinin sükanı arxasında olmayacaq, amma onu vəzifəsindən uzaqlaşdıracaq siyasi qüvvələr mütləq əvvəlkilər olmayacaq.