İranın gizli hərbi planı deşifrə edildi – Məxfi sənədlər üzə çıxdı

25 May 2022 23:56 (UTC+04:00)

İran nüvə silahı proqramının inkişaf etdirilməsini ört-basdır etmək üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) məxfi sənədlərindən istifadə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “The Wall Street Journal” nəşri məlumat yayıb.

Nəşrin iddiasına görə, İran AEBA-nın məxfi sənədlərini təxminən 20 il əvvəl əldə edib. Məqalədə qeyd edilib ki, fars dilində olan sənədlər və müəyyən qeydlər Tehranın bu məlumatlardan hərbi nüvə layihələri haqda məlumatları gizlətmək üçün necə istifadə etdiyini dəqiq anlamağa imkan verir.

Materialın müəllifi yazıb ki, bu “siçan-pişik oyunu” yeni nüvə sazişinin bağlanmasına mane olur.

ABŞ nüvə sazişi üzrə yeni razılaşmanın imzalanmamasına görə İranın məsuliyyət daşıdığını bildirib. Ağ Evdən verilən açıqlamada buna ən böyük maneənin Tehran olduğu vurğulanıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə deyib ki, Vyanada aparılan danışıqlarda önəmli irəliləyiş əldə olunub, amma tərəflərin sazişi bərpa edə biləcəkləri hələ dəqiq deyil.