Baş nazir Ərdoğana cavab verdi – “Danışmağa məcburuq, çalışacam ki...”

25 May 2022 22:17 (UTC+04:00)

Yunanıstan Baş naziri Kiryakos Mitsotakis Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın “Artıq mənim üçün Mitsotakis yoxdur. Heç vaxt onunla belə görüşə razılıq verə bilmərəm” sözlərinə cavab verib.

Teleqraf.com xəbər verir ki, baş nazir Türkiyə ilə dialoqu davam etdirməkdə maraqlı olduqlarını bildirib.

Mitsotakis Türkiyə ilə ünsiyyət kanallarını həmişə açıq saxlamağa çalışacağını deyib: “Türkiyə ilə qonşuyuq və hər zaman danışmağa məcbur olacağıq. Ona görə də rabitə kanallarını açıq saxlayacağıq. Heç vaxt qonşularımızla əlaqəni kəsən tərəf biz olmayacağıq”.

Prezident Ərdoğan bundan əvvəl ABŞ-da Türkiyə əleyhinə danışıqlar aparan Yunanıstan baş nazirinə belə reaksiya vermişdi:

“Artıq mənim üçün Miçotakis adlı biri yoxdur. Onunla belə bir görüşə heç vaxt razılıq verə bilmərəm. Çünki biz verdiyi sözü tutacaq, şəxsiyyəti olan və qürurlu siyasətçilərlə bu yolu gedə bilərik. Bundan sonrasını Mitsotakis düşünməlidir. Kimlərlə görüşəcəksə, kimlərə necə baza qurduracaqsa, qoy qurdursun, biz özümüzə bəs edirik”.