Brüssel görüşündən sonra ilk addım... - Açıqlama

26 May 2022 17:05 (UTC+04:00)

44 günlük Vətən müharibəsindən Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi naminə yeni reallıq yaradıb. Bu mənada Avropa İttifaqı regionun inkişafına, tərəqqisinə dəstək vermək üçün ölkəmizin təşəbbüslərinə dəstək nümayiş etdirir. Aİ regionda daimi sülh və əməkdaşlığa öz töhfəsini verməyə çalışır və bu istiqamətdə öz mövqeyini ortaya qoyur. Bu baxımdan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən son Brüssel görüşü mühüm əhəmiyyət kəsb edir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, Brüssel görüşü bir çox aspektlərdən xüsusi əhəmiyyətə malikdir:

“Əvvəlki görüşlərdə olduğu kimi bu görüşdə də Prezident İlham Əliyev tərəfindən bir sıra vacib məsələləri qaldırılıb. Müzakirə olunan əsas məsələlərdən biri də 4000-ə yaxın azərbaycanlının taleyinə Ermənistan tərəfinin aydınlıq gətirməməsi olub. Bu görüşün nəticəsi olaraq açıqlanan bəyanatda “Dağlıq Qarabağ münaqişəsi”, “Minsk qrupu”, “status məsələsi” kimi ifadələr işlədilməyib”.

Millət vəkili Qarabağın etnik erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin olunmasının vacibliyi kimi səslənən fikrə də aydınlıq gətirib: “Burada əsas məqam "Dağlıq Qarabağ" yox, “Qarabağ”, “xalq” yox, "Qarabağın erməni əhalisi” ifadəsinin yer alması vacib məqamdır. Çünki öz müqəddəratını təyin etmə prinsipi ancaq xalqlara aiddir. Azərbaycan dövləti həmişə öz erməni əsilli vətəndaşlarının hüquq və təhlükəsizliyini təmin etməyə hazır olduğunu bəyan edib”.

Aqil Məmmədov Sərhəd Komissiyasının ilk iclasının baş tutmasının əhəmiyyətinə toxunub: “Bu, Ermənistan-Azərbaycan sərhədində dövlətlərarası sərhədin delimitasiyası və vəziyyətin təhlükəsizliyinin ən yaxşı şəkildə təmin edilməsi baxımından önəmlidir. İki tərəfin bu formatda müzakirələr aparması gələcək proseslərin inkişafında təsirli olacaq. Sözsüz ki, Sərhəd Komissiyasının ilk iclasının keçirilməsi, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə görüşdən sonra bununla bağlı qərarın verilməsi nəzərəçarpan irəliləyişdir. Prosesin bundan sonrakı inkişafı də dövlətlərarası münasibətlərin tənzimlənməsi istiqamətində Ermənistan tərəfinin sona kimi səmimi davranması fonunda bölgədə daimi sülhün əldə edilməsi mümkün olacaq".

Deputat bu gün Ermənistanda keçirilən aksiyaların Azərbaycanla aparılan danışıqlara təsirinin mümkünsüzlüyündən danışıb: “Bu aksiyalar daha çox revanşistlərin maraqları müstəvisində baş verir. Heç də geniş bir ictimai dəstək yoxdur. Çünki Ermənistan cəmiyyəti müharibədən sonra keçirilən növbədənkənar seçkilərdə indiki Nikol Paşinyan iqtidarına səs verdi. Ona görə də, revanşislələrin “Qarabağ klanı”nın yenidən Ermənistanda ictimai dəstək qazanması mümkün görünmür”.